Təxminən 20 il əvvələ kimi Bakı küçələrində sınıq-salxaq da olsa, tramvay və trolleybuslara rast gəlmək mümkün idi. Amma onların rentabelliyi, istismar müddətini başa vurması, eləcə də paytaxtın avtomobilləşməsi bu nəqliyyat vasitələrinin sıradan çıxması ilə nəticələndi.
Yenicag.az xəbər verir ki, paytaxtın indiki abu-havası, ictimai nəqliyyatın genişlənməsi eləcə də əhali tələbatı tramvay və traleybusların yenidən bərpasını gündəmə gətirib.
Ekspert Elməddin Muradlı mövzu ilə əlaqədar ARB-yə bildirib ki, tramvay və trolleybuslar bərpa olunduqda, Bakıda istər-istəməz müəyyən infrasturuktur layihələri ixtisara düşəcək: “Onsuz da tramvay xəttində də maşınlar hərəkət edir. Sadəcə tramvay gəldikdə yolu boşaltmaq lazımdır, eləcə də trolleybuslarda. Bir xətti, bir marşurutu var, onunla paralel qarşısında, arxasında maşınlar gedə bilər”.
Yol hərkətinin təhlükəsizliyinə dair dövlət proqramına da daxil edilən bu məsələ, həm də ekoloji təmiz nəqliyyat növlərinə keçidi stimullaşdıra bilər. Eyni zamanda ictimai nəqliyyatın şaxələnməsinə, nəqliyyat yükünün azalmasına yardım etmiş olacaq.
Ekspert Azər Alahverənov da əlavə edib ki, əgər müsbət rəy hazırlanarsa, biz yaxın illərdə Bakı küçələrində tramvayları da görmüş olacağıq”.
Mütəxəssislər deyir ki, həmin nəqliyyat növlərinin yenidən barpası uzun müddətli bir prosesdir. Eyni zamanda paytaxt küçələri kompleks analiz olunnmalıdır ki, xəttlərin hansı ərazidən keçməsi daha renetabelli olacağı müəyyən edilsin.
İdarəetmə üzrə mütəxəssis Asif İbrahimov qeyd edib ki, Bakının baş planının təhlili aparılmalıdır: “Zonalaşma planlarını yoxlamalıyıq, son dövrlərdə aparılmış tikinti quraşdırma işlərinə baxmalıyıq, eyni zamanda mövcud nəqliyyat infrasturukturumuzun vəziyyətinə baxmalıyıq. Baxmayaraq ki, bu nəqliyyat vasitəsi baha başa gəlir, amma hər bir halda metrodan daha ucuz olduğu sirr deyil”.
Qeyd edək ki, tramvay və trolleybuslarla bağlı hazırlanacaq təkliflərin gələn ilin sonlarına doğru açıqlanacağı gözlənilir.