Transmilli şirkətlərin Bakıda İLGİNC SABOTAJI: “Azərbaycanda xaricdən idarə olunan müəyyən qruplar…”

“Bakıda yolların çəkilməsi və nəqliyyat sektorundakı müəyyən dəyişikliklərin gerçəkləşdirilməsi məhz transmilli şirkətlərin istəyinə uyğun cərayan edir”.

Bu fikirləri “28 May” metrosu ərazisinə vətəndaşların minik avtomobilləri ilə daxil olmasına qadağa qoyulmasına dair qərara münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu qərarın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də olacaq:

“Fəvvarələr Meydanı dediyimiz ərazidə küçənin bağlanmasının müsbət tərəfi əraziyə avtoxuliqanlıq edən şəxslərin daxil ola bilməməsidir. Mənfi tərəfi isə o ərazidə yaşayan sakinlərin yolun bağlanması ilə bağlı onlara heç bir xəbərdarlıq edilməməsinə yönəlik şikayətləridir.

Halbuki sözügedən qadağa ilə bağlı onlara xəbərdarlıq edilməli və məsləhətləşmə aparılmalı idi. Düşünürəm ki, “28 May” metrosu ərazisinə avtomobillərin buraxılmaması haqqında qərarın qəbulu zamanı ərazidəki sakinlər, sahibkarlar və digər vətəndaşların durumu nəzərə alınmalı idi. Təəssüf ki, çox vaxt maraqlı tərəflərlə belə məsləhətləşmələr aparılmır.

Bakıda yol-nəqliyyat sahəsində baş verən prosesləri yaxından izləyən biri kimi deyə bilərəm ki, bu sferada qazanan tərəf xarici transmilli şirkətlərdir. Yolların çəkilməsi, nəqliyyat sektorundakı müəyyən dəyişikliklərin gerçəkləşdirilməsi məhz transmilli şirkətlərin istəyinə uyğun cərayan edir.

Bu gün Azərbaycanda xaricdən idarə olunan müəyyən qruplar var ki, ABŞ, Fransa kimi ölkələrdəki müxtəlif fondlardan qrantlar alaraq, həmin fondların lobbiçiliyini həyata keçirir. Qrantı verən fond nəyi diktə edirsə, həmin şəxslər də bu istiqamətdə addımlar atır. Onlar sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərirlər. Hökumətin lehinə hər hansı fikir bildirənlər isə həmin şəxslər tərəfindən hədəfə alınırlar”.

İsmayıl Bakuvi

COP29