Transplantasiyanın inkişafı orqan bağışlanmasından asılıdır – Asiman Həsənov

Orqan və ya toxumaların transplantasiyası dünya səhiyyəsinin ən önəmli qollarından biridir. Son illərdə orqan və toxuma nəqli sahəsində cərrahi üsulların inkişafı, immunosupresiv, antibakterial, antiviral müalicə üsullarının istifadə edilməsi, tədarük və əməliyyat proseslərində zamanın daha effektiv istifadəsi bütün dünyada daha çox sayda xəstənin orqan və toxuma nəqlindən faydalanmasına və bu imkanlara daha asan əl çatıla bilən omasına səbəb olub. Lakin bu göründüyü qədər asan proses deyil.

Orqan nəqli gözləyən xəstə sayı ildən-ilə artmaqdadır. Yetərli orqanın olmaması, dünyada və ölkəmizdəki ən önəmli problemlərdən biridir. Orqan və ya toxuma transplantasiyasının keçdiyi inkişaf yolunda qarşılaşdığı bir çox çətinliklər və onların önlənməsi, transplantalogiya sahəsinin daha da təkmilləşdirilməsi üçün görülən ən son tədbirlərdən söhbət açmaq üçün məhz “Transplantalogiya üzrə Dünya Konqresi”-ndə yaxından iştirak edən Azərbaycan Tibb Universitetinin dosenti Dr. Asiman Həsənovdan ətraflı müsahibə aldıq.

– Bu yaxınlarda Türkiyədə keçirilən transplantologiya üzrə konfransda iştirak etmişdiniz. Bu konfrans haqqında nə deyə bilərsiniz?

– Nəzərinizə çatdırım ki, keçən ayın 17-21 tarixlərində I Beynəlxalq Transplantasiya şəbəkəsi (1st International Transplant Network Congress) Türkiyədə möhtəşəm şəkildə təşkil olunmuşdu. Dünyanın əksər ölkələrindən1000-ə yaxın həkim, koordinator və səhiyyə idarələrinin qatıldığı toplantıda Azərbaycanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkilimiz Musa Quliyevin rəhbərliyi ilə 10-a yaxın nümayəndə təmsil edirdi.

Bu konfransda dünyanın aparıcı transplantasiya mərkəzlərində çalışan təcrübəli həkimlərin ənənəvi olaraq yeni metod və yanaşmalarla birgə əsas məsələ olaraq “Dünya Transplant Şəbəkəsi” ideyası ortaya atıldı.Burada əsas məqsəd transplantasiya sahəsində vahid sistem qurmaq, orqan nəqlinin bütün aspektlərində yeniliklərin, təcrübələrin mübadiləsi, inkişaf etməmiş və etməkdə olan ölkələrdə bu sahənin inkişafı və ən ümdə məsələ gələcəkdə hər hansı bir ölkədə beyin ölümü keçirmiş şəxsin, həmin ölkədə köçürülməsi uyğun olmayan qalan orqan və bioloji materiallarından digər ölkələrdə istifadə oluna bilməsini təmin etməkdir.

Düşünün ki, hər hansı bir ölkədə beyin ölümü keçirmiş şəxsin orqanlarından bir hissəsi transplantasiya olunub, qalan orqan və hissələr isə toxuma uyğunsuzluğu səbəbindən istifadə oluna bilmir. Belə ki, bağışlanmış orqanlar istifadə oluna bilsəydi illərlə bu anı gözləyən xəstələr sağlamlığa qovuşardı.

Dövlətlərarası orqan mübadiləsi olmadığından, bu orqanlar yaşaya və yaşada biləcəyi halda məhv olunmağa məhkum olur. Bu uzunmüddətli layihə nə vaxtsa həllin tapsa, orqan növbəsini illərlə gözləyən xəstələrin həyatlarını xilas etmiş olarıq.

– Azərbaycanda orqan köçürmə və transplantasiya nə səviyyədədir?

– Azərbaycanda artıq bir neçə illərdir ki, çox təcrübəli cərrahların və digər ixtisaslı həkimlərin dəstəyi ilə qaraciyər, böyrək, sümük iliyi, gözün buynuz qişası toxumaları transplantasiyası həyata keçirilir və bu sahədə ciddi irəliləyişlər var. Lakin ölkəmizdə qanun icazə vermədiyindən ancaq canlıdan – yaxın qohumlardan orqan köçürmə aparıla bilir.

Prof. N.Bayramovun rəhbərliyi ilə Azərbaycan Tibb Universitetində, Uzman Dr. M.Kazıminin rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalında canlı donordan qaraciyər və böyrək transplantasiyaları, Uroloji Mərkəzdə ancaq böyrək transplantasiyaları, Talassemiya Mərkəzində isə sümük iliyi köçürməsi uğurla həyata keçirilir.

Bəzi orqanlar tək olduğundan və anatomik-funksional baxımdan hissəvi köçürülməsi mümkün olmadığından ancaq meyitdə köçürülmə mümkün olur. Uyğun donorun tapılması çətin olduğundan canlıdan orqan nəqli də məhdud sayda olur.

– Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün nəyə ehtiyac var?

– Bunun üçün hər kəsin üzərinə vəzifə düşür. Həm dövlətin, həm cəmiyyətin, din xadimlərinin, tanınmış ziyalıların,səhiyyə idarəçilərinin və bu sahədə xüsusi təlim görmüş həkim və koordinasiya heyətinin üzərinə böyük missiya düşür. Dünyada gedən bu sahədə inkişafa çata bilməmiz üçün bir neçə tələblər qoyulur.

Beyin ölümü tanınması və meyitdən orqanların götürülməsi üçün müvafiq qanun hazırlanmalı, o qanunların icrasına nəzarət mexanizmləri işlənməli, maliyyə dəstəyi edilməli, cəmiyyətdə orqan bağışlanması barədə maarifləndirmə aparılmalı, etik dəyərlər formalaşmalıdır.

Xəstəxanada müalicə olan zaman və ya hər hansı bir kriminal əhəmiyyət kəsb edən ölümlərdən sonra belə meyidin təşrihinə və müayinəsinə kəskin qarşı çıxan insanlara meyidin orqanlarından transplantasiya məqsədi ilə istifadə edilməsini izah etmək və onları razı salmaq çox çətin məsələdir.

Bunun üçün cəmiyyətdə bu məsələyə müsbət baxış formalaşdırılmalı və insanlar tam sağlam vaxtlarından gələcəkdə ola biləcək beyin ölümü keçirmə ehtimallarında orqanlarını başqalarına “həyat vermək” üçün, həm də öz orqanlarının başqa bədəndə “yaşaması” üçün cəsarətli və şərəfli addım atmalıdırlar.

Səhiyyə müəssisələri və xəstəxanalarda bu proseslərə başlamaq üçün ciddi addımlar atılmalı, bir neçə geniş profilli, maddi-texniki bazası tələblərə cavab verən xəstəxanalarda cərrahlarla yanaşı, həkimlər, orta personal və koordinatorlar yetişdirilməlidir.

– Orqan köçürmə və transplantasiya haqqında qanuna hansı dəyişikliklər nəzərdə tutulur?

– Ümumiyyətlə, transplantasiya ciddi, xüsusi ehtiyatlılıq və nəzarət mexanizmləri ilə idarə olunması gərəkən multidisiplinar xidmətlər toplusudur. Burada mütləq şəkildə etik, mənəvi, tibbi və ən əsası da orqan alveri ilə bağlı olan hüquqi məqamlar diqqət mərkəzində olmalıdır.

Məndə olan məlumata görə, MM-in Səhiyyə Komitəsində “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun hazırlanması sahəsində ciddi işlər görülür və qanun lahiyəsi müzakirə üçün hazırlanır.Bu qanun imzalandıqdan sonra Azərbaycanda transplantasiya sahəsində sürətli inkişafa səbəb olacaq./Oxu.az/

COP29