“İslahatçı Gənclər” İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlı Türkiyənin “TRT Haber” televiziyasının “Gecə baxışı” proqramının canlı yayımında qonaq olub. Türkiyənin tanınmış jurnalisti Fuat Kozluklunun təqdimatında yayınlanan proqramda əsas müzakirə mövzusu 31 mart Azərbaycanlıların Soyqrımı Günü, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti olub.
Proqramda çıxış edən F.Şahbazlı bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı qırğın törədiblər. O, qeyd edib ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Fərid Şahbazlının sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti formallıqdan başqa bir şey deyil: “Bu qurum öz əhəmiyyətini tamamilə itirib. Onların münaqişənin həlli adı altında ölkələrə etdikləri səfərlər yalnız turistik xarakter daşıyır”.
“İslahatçı Gənclər” İB-nin sədri jurnalist Fuat Kozluklunun suallarına cavab olaraq deyib ki, bugün Azərbaycan xalqı öz ordusuna güvənir və Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözləyir: “Biz hələ də inanırıq ki, münaqişənin sülh yolu ilə həll imkanları tükənməyib. Lakin, əgər bu proses tezliklə yekunlaşmazsa, xalqımız, gəncliyimiz Ali Baş Komandanın əmrinə müntəzirdir. Azərbaycanın hərbi sahəyə ayırdığı büdcə Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Silahlı Qüvvələrimiz bütün istiqamətlər üzrə özünün yüksək peşəkarlığı ilə bölgənin ən güclü ordularından biridir. Qəhrəman əsgər və zabitlərimiz ötən ilin aprel döyüşlərində düşmənə layiqli cavab verməklə, öz gücünü nümayiş etdirdi. Bu düşmən üçün bir dərs olmalıdır”. (editor.az)
Yeniçağ.az