Bu gün Azərbaycanın böyük şairlərindən olan Tofiq Bayramın doğum günüdür. Onu tanıyanlar “gözəl insan, yaxşı oğul, istedadlı şair, səlis tərcüməçi” kimi dəyərləndirirlər. Amma bütün bunların fövqündə duran daha bir amil vardı: Tofiq Bayram əsl azərbaycanlı, iliyinə qədər türk oğlu türk idi.
Bu böyük şair 1934-cü il dekabrın 16-da Bakının Əmircan kəndində doğulmuşdu. “Kommunist beynəlmiləlçiliyi”nin (əslində rus şovinizminin) hökm sürdüyü, rus dilinin və rusdillilərin at oynatdığı, rus dilinin nəinki rəsmi və elm-tədris dilinə, hətta ümumişlək bir dilə çevrildiyi, bu dili bilməyənlərin “geridəqalmış”, “şəhər mühitinə yad”, “kənar, ikincidərəcəli şəxs” kimi qəbul olunduğu, rusdilli olmağın az qala ziyalı olmağa bərabər tutulduğu bir mühitdə göz açıb, böyüməklə bərabər bu mühitin təsirinə düşmədən milli hisslərə sahib olmaq, millətçi bir şair kimi yetişmək yəqin ki, nadir, qeyri-adi bir hadisədir. Bunun üçün insanda nə qədər anadangəlmə bir böyüklük, fəhm, iradə gərəkdir. Bunun üçün Tofiq Bayram valideynlərinə borclu idi. Çünki mayası Vətənə sevgidən, məhəbbətdən yoğrulmuşdu.
xxx
Tofiq Bayram haqqında kitablar dərc olunub, verilişlər çəkilib. Amma xatirələr yenə bitmir, tükənmir. Onu tanıyanların hər birinin yaddaşında işıqlı bir çöhrədir Tofiq Bayram… Biz də bu İŞIĞIN ziyasının şahidi olan insanlara üz tutub, onların ən həzin xatirələrini dinlədik.
Flora Xəlilzadə – yazıçı-publisist
– Tofiq Bayram haqqında saatlarla danışa bilərəm. O böyük şair barədə nə qədər yazsan, nə qədər danışsan yenə azdır. Tofiq Bayram tufan kimi doğulmuşdu, şeirləri ilə od püskürürdü. O, sovet dövründə millətçi və vətənpərvər ruhda ən güclü şeirləri yazmış şairlər sırasındadır. Bakılılara xas xüsusiyyəti onun şeirlərinin mayasında idi. Sözünü birbaşa deyər, “baltanı kökündən vurardı”.
Tofiq Bayram kürsüyə çıxanda salonu alqışlar bürüyürdü. Onun oxuduğu şeirlər həm özünü yandırırdı, həm özgəsini. Şeiri pafosla deyər, hər əsərə ürəyini qoyar, həyəcandan titrəyər, coşardı. Ona qulaq asanda tamaşaçılar vəcdə gələrdi. O, kürsüyə qalxanda dağ kimi ucalır, insanların gözündə zirvəyə dönürdü.
Mən ona bağlıyam öz canım kimi,
Palıdam, kökümdən qopa bilmərəm.
Sinəmdən alsalar öz ürəyimi,
İkinci bir ürək tapa bilmərəm. – deyən şair Vətənə, torpağa, insana, sənətkara, övladlarına çox bağlı idi.
O, yumruqlarını havaya qaldırıb, gur səslə şeir oxuyanda elə bilirdin yarış-döyüş meydanına bir güləşçi pəhləvan gəlir.
Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külümdən belə,
Nəsillər tanısın – Tofiq Bayramam…
O böyük şairi gördüyüm gün indiki kimi yadındadır. 1971-ci il idi. “Azərbaycan Gəncləri” qəzetinin nəzdində “Müjdə” adlı ədəbi birlik fəaliyyət göstərirdi. Mən orta məktəbin sonuncu sinfində oxuyurdum. Qardaşımla həmin Birliyin tədbirinə getdik. Şeirlərimi oxudum. Tofiq Bayram həmin tədbirdə iştirak edirdi. Çıxışlardan sonra məni yanına çağırdı, şeirlərimi bəyəndiyini deyib, hansı imza ilə çap olunduğumu soruşdu. “Xəlilova”, dedim. Başdan-ayağa vətənpərvər, millətsevər olan o böyük türk oğlunun “ova” sonluğu xoşuna gəlmədi. Qaşlarını çatdı, sirr deyirmiş kimi pıçıldadı: “Sən Xəlilzadə imzası ilə yaz, belə daha yaxşıdır”.
Düz, 1 il sonra mən ali məktəbə qəbul oldum. Və həmin ildən bütün Azərbaycan “Flora Xəlilzadə” imzasını tanımağa başladı.
Tofiq Bayram yaradıcılığı mənim üçün bir dəryadır. Hər dəfə baş vuranda, yeni bir dürr tapıram. Amma bir şeiri də var ki, dilimdə əzbərdir:
Kaş ki öləcəyim günü biləydim,
Biləydim nə zaman son nəfəsimdir.
Demirəm, dünyaya bir də gələydim
Bir dəfə gəlmişəm elə bəsimdir…
MAHİR QABİLOĞLU – yazıçı
– Tofiq Bayram atamın ən yaxın dostu idi. Ona görə də o mənim üçün əmi əvəzi idi. O, mənim yaddaşımda duzlu-məzəli söhbətləri, şeir deməsi ilə qalıb.
Tofiq əmim Əmircan kəndindən idi. Atası, əmisi imkanlı idilər. Ona görə də uşaqlarına korluq vermirdilər. Evləri həmişə qonaq-qaralı olardı. Tofiq Bayram şair dostlarını tez-tez başına yığıb, evlərinə aparardı. Onların yığışdığı gün təkcə yeyib-içmək məclisi olmurdu. Bir-iki qədəhdən sonra misralar bir-birinin ardına düzülər, hər ağızdan bir ləl tökülərdi. Gecə yarıya qədər hərə öz söz xəzinəsinin ağzını açar, “xəsislik” etməzdi.
Atam danışırdı ki, “kef məslislərinin birində o qədər yeyib-içdik ki, Tofiq dəm oldu. Yapışdı atasıyla, əmisinin yaxasından ki, “bəs siz sosializm quruluşuna ləkəsiniz, zəhmətsiz gəlirlə yaşayırsınız, sovet quruluşunda sizin kimilərə yer yoxdur”. Necə deyərlər, gəmidə oturub, gəmiçi ilə dava edirdi. Amma heç kim nəsə deyib, onun xətrinə dəymədi. Çünki qarşılarındakı şair idi, özü də əsl şair…
Tofiq Bayram təkçə şeirləriylə yox, tərçümələriylə də məşhur idi. Tərcümə isə çox çətin bir məsələdir. Özü də ki, Rəsul Həmzətov kimi böyük sovet şairinin tərcüməçisi olmaq… Bu iş onda çox uğurlu alınmışdı. Rəsul Həmzətov Tofiq Bayramın sayəsində Azərbaycan oxucusunun qəlbinə, Azərbaycan ədəbiyyatının içinə yol tapa bilmişdi.
Lakin Qarabağ hadisələri başlayanda Rəsul Həmzətov müsəlman, dağıstanlı ola-ola xalqımıza dönük, ermənilərə qahmar çıxdı. Özü də bunu SSRİ-nin mərkəzi mətbuatında etdi. Camaat da nümayişkaranə şəkildə Rəsul Həmzətovun kitablarını yandırmağa başladı. Bu, həm də hansısa mənada Tofiq Bayramın da kitabları idi. Sanki həmin tonqallarda onun yaradıcılığının bir qolu da yandırılırdı.
Nəriman Həsənzadə – Xalq şairi– Tofiq Bayram təkcə Azərbaycan xalqının şairi deyil, o həm də mənim əzizim, qardaşımdır. Onunla bir çox tədbirlərdə olmuşuq. Tofiq Bayram həm də əvəzsiz tərcüməçi idi. Onun tərcümələri orijinal təsir bağışlayırdı. Bu tərcümələr Azərbaycan poeziyasını zənginləşdirirdi. Onun özünəməxsus poetik dili vardı. Getdiyimiz bütün görüşlərdə alqışlarla qarşılanırdı, qızlar onun şeirlərini əzbərdən bilirdilər. Xəlil Rza, Tofiq Bayram, Cabir Novruz… onların öz şeirlərini necə böyük həyəcanla oxuduqları indi də yadımdadır.
Tofiq böyük şair olmaqla yanaşı həm də misilsiz ata, ər idi. Ailəsinə, övladlarına çox bağlıydı. Onun həyat yoldaşı Zərifə xanım da gözəl insan idi. Tofiq ürəyimdə yeri, izi olan insanlardandır.
O, doğulduğu Əmircan kəndində torpağa tapşırılıb. Məzarı Səttar Bəhlulzadənin qəbrinin yanındadır. Tofiq həmişə Səttarla, o dahi rəssamla fəxr edərdi. Qismətə bax ki, məzarları da yanaşıdır. Bu yaxınlarda onu yuxuda gördüm. Durub qəbr üstünə getdim. Tofiq sanki mənə baxıb gülümsəyir və deyirdi:
“Axı sənin nə dərdin var, bükülürsən yumaq kimi
Səni görmək istəyirəm əyilməyən bir dağ kimi…”
***
Tofiq Bayramın bacısı AYB üzvü, politoloq Svetlana Bayramova
“Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külümdən belə,
Nəsillər tanısın – Tofiq Bayramam…”
Bu sətirləri təsadüfən xatırlamadım. Sağ olsaydı, dostlarını, əzizlərini başına yığıb, misraları misralara calayardı. Amma yox, böyük şairlər ölmür, sadəcə, dünyalarını dəyişir. Bu gün Tofiq Bayramın şeirləri oxucularının dillər əzbəridirsə, sözlərinə yazılmış yüzlərlə mahnılar təşnə ürəklərə su çiləyirsə, demək ki, onların müəllifi də aramızdadır. Şeirlərinin, nəğmələrin arasından hər gün oxucularına boylanır. Hər gün onları salamlayır.
Tofiq Bayram təkçə şeirləri ilə yox, tərcümələriylə də məşhurdur. Bir çox sovet yazarları, o cümlədən Rəsul Həmzətov kimi böyük şair məhz Tofiq Bayramın sayəsində Azərbaycan oxucusunun qəlbinə yol tapa bilib.
Tofiq Bayramın bacısı AYB üzvü, politoloq Svetlana Bayramova Azərbaycan poeziyasında misilsiz xidmətləri olan qardaşından danışarkən, ulu öndər Heydər Əliyevin böyük şairə hər zaman dəyər verdiyini də xatırlayıb:
“Ulu öndər Heydər Əliyev Tofiq Bayramın şəxsiyyətinə və yaradıcılığına hər zaman böyük qiymət verib. Əmircan qəsəbəsindəki parkın Tofiq Bayramın adını daşıması və büstünün qoyulmasının təşəbbüskarı da ulu öndər olub. Açılış mərasimində özü şəxsən iştirak edib. Tofiq Bayram hər zaman oxucularının sevgisini qazanıb, onun poeziyası dillər əzbəridir”.
… Tofiq Bayram şeirləri ilə hayqırırdı, “Azərbaycanım”, “Qarabağım” deyirdi. Onu dilləndirən də yurd sevgisi, Vətən nisgili, torpaq həsrəti idi. Onun ən böyük arzusu isə Qarabağın işğaldan azad olunması idi. Şair o günü gözləyirdi, o günün xəyalını qururdu.
Əl çəkin bu bazardan.
O sırtılmış üzləri
Varmı soyub qızardan?
Torpaq adım, şərəfim
Mən torpağı vermərəm.
Köynəyim bayraq olub
Seçilməz laləzardan
Mən əsgərəm, əlimdən
O bayrağı vermərəm.
Öz qanımı verərəm.
Qarabağı vermərəm!
Zakirə Zakirqızı
Cəvahir