TÜİB-in yeni rəhbərliyi Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət etdi – FOTOLAR

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) yeni seçilmiş İdarə Heyətinin üzvləri Fəxri Xiyabanı, Şəhdilər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

TÜİB İdarə Heyətinin üzvləri öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, öz ehtiramlarını bildiriblər, əklil qoyublar, mərhumun ruhuna dualar oxuyublar.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət edən iş adamları onun da məzarına əklil qoyaraq, xatirəsini hörmətlə anıblar.

TÜİB rəhbirliyi Şəhidlər Xiyabanını da ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarlarına əklil və gül dəstələri qoyaraq, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Türk Şəhidliyini də ziyarət edən iş adamları Bakının 100 il əvvəl bolşevik-daşnak işğalından azad olunması üçün canlarından keçən Qafqaz İslam Ordusunun əsgərlərini hörmətlə yad ediblər, onların ruhuna dualar oxuyublar.

Daha sonra Türkiyə səfirliyinə gələn TÜİB İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüblər. Səfir Özoral TÜİB-in fəaliyyətini yüksək qiymətləndirərək, qurumun Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə və iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

TÜİB sədri Hüseyin Büyükfırat bildirib ki, rəhbərlik etdiyi qurum qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində fəaliyyətini ardıcıllıqla davam etdirəcək, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün bütün imkanlarından istifadə edəcək.