Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) tərəfindən iftar süfrəsi təşkil edilib.
Yenicag.az xəbər verir ki, TÜİB sədri Hüseyn Büyükfıratın Bakıda təşkil etdiyi proqrama dövlət rəsmiləri, millət vəkilləri, iş adamları, zəlzələdən sonra Türkiyəyə yardım göndərən təşkilatların nümayəndələri, Qarabağ qaziləri, şəhid ailələri, həmçinin media nümayəndələri qatılıb.
İftar Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Yeməkdən sonra çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat qonaqları salamlayaraq Ramazan ayının bərəkət və paylaşma ayı olduğunu vurğulayıb. Şəhid ailələrinin iftarda iştirak etdiyini xüsusilə vurğulayan Hüseyin Büyükfırat şəhidlərin ruhu qarşısında baş əydiklərini deyib.
Büyükfırat, “Bizim missiyamız bəllidir. Türkiyədə baş verən fəlakətdən sonra mühüm işlər gördük. Azərbaycan xalqı da səfərbər oldu. Biz bu xalqın körpüsü olduq və sahədə çox gözəl işlər görüldü”, – deyib. Azərbaycan xalqına həm fiziki, həm də pul köməyinə görə təşəkkür edib.
Proqramın sonunda Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım çatdıran aktiv TÜİB üzvlərinə təşəkkür lövhələri təqdim edilib.