Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev açıqlama yayıb.
İcmadan Yenicag.az-a daxil olan açıqlamada deyilir:
“Dünən – 21 may tarixində Ermənistan ən yüksək səviyyədə sülh prosesinə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz “seçki” şousu ilə təyin etdiyi qondarma “prezident” üçün, qondarma “andiçmə mərasimi” təşkil etdi. Bu təxribat Ermənistan siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, “Azərbaycan” kinoteatrının binasında təşkil edildi.
Bütün addımlar – qondarma “seçki” şousu, qondarma “andiçmə” tədbiri və ən əsası bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə – Şuşada təşkili bir məqsədə xidmət edirdi – sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək.
Hətta dünən təşkil edilən “tədbir” o qədər mənasız və əsassız idi ki, qondarma rejimin yeni oyuncaq “rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar etdi.
Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə əslində çox aydındır, Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə.
Qətiyyətlə bildiririk ki, Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq. Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapmışdır. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan Respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.
Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Bir daha bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll oluna bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu bizim üçün qırmızı xətdir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir”.