“Son günlər Ermənistan hakimiyyətinin nümayəndələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların guya heç vaxt yaşamadığı və bölgədə iki icmanın mövcud olmadığı haqqında əsası olmayan fikirlər səsləndirirlər.
Azərbaycanın torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən, işğal altındakı ərazilərdə xalqımıza məxsus mədəni, dini, tarixi abidələri məhv edən Ermənistanın ayrıseçkilik (aparteid) siyasəti aparması, bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cari il ərzində regiona iki səfəri reallaşıb və Dağlıq Qarabağın azərbaycanlı icması ilə həmsədrlər arasında görüşlər keçirilib:
“Keçirilən görüşlərdən sonra həmsədrlərin bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə bərabərhüquqlu (!) maraqlı tərəf kimi bir daha qeyd edilib. Bu isə yeni fikir deyil və 1992-ci ildən mövcud olan faktın bir daha Ermənistana xatırladılmasıdır. Rusiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycana son səfəri zamanı icmalararası dialoqu dəstəklədiyini qeyd edib.
Məhz bu gedişatlardan sonra Ermənistan tərəfinin “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın mövqeyini həzm edə bilmədiyi özünü büruzə verməkdədir. Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar edir.
Birinci, artıq yuxarıda istinad edildiyi kimi, 24 mart 1992-ci il tarixində ATƏT-in Helsinki Nazirlər Şurasının sənədində əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki, yəni erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və onlar maraqlı tərəflər qismində qeyd olunur. Bu sənəddə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir.
İkinci, 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qanunsuz qərar qəbul etdikdən sonra, 10 yanvar 1990-cı il tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin “qərarlarının” SSRİ Konstitusiyasına uyğun olmamasını qeyd edərək, Ermənistanın Dağlıq Qarabağa yönəlik qanunsuz ərazi iddialarına son qoyur.
Üçüncü, BMT, digər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistan tərəfinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarını və müvafiq sənədləri öyrənməyi tövsiyə edirəm.
Ermənistan hakimiyyəti əgər Azərbaycana qarşı işğal siyasətinə son qoyarsa, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlının mövcudluğunu inkar etməzsə, iki icmanın bərabərhüquqlu icma olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamasına mane olmazsa, münaqişənin həlli mümkün ola bilər”.