Tural Gəncəliyevin “erməni dili” TƏŞƏBBÜSÜ: “O əldəqayırma deputat gedib işi ilə məşğul olsun” – Sərt REAKSİYA

“Belə insanlar bizə baş qaxıncıdır”.

Bu fikirləri deputat Tural Gəncəliyevin “erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək” məqsədilə erməni dili kursları təşkil etməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev deputata belə məsələlərə qarışmamağı tövsiyyə edib:

“Tural Gəncəliyev səhv danışır. Bu cür əldəqayırma deputatlar artıq bizi can-boğaza yığıblar. Biz niyə gedib ermənilərin dilini öyrənməliyik? Ermənilər bizim torpaqlarımızda yaşayırlar, onlar bizim dilimizi öyrənməlidirlər. Mən Xankəndinin meri olanda onlara dərs keçəcəm. Onlar bizim dilimizi öyrənəcəklər. Ona görə də Gəncəliyev gedib işi ilə məşğul olsun, bu məsələlərə qarışmasın. O, Qarabağda bu günədək bir nəfər erməniylə belə ünsiyyət qura bilməyib, amma biz oradakı yüzlərlə erməni ilə işləyirik. Belə insanlar bizə baş qaxıncıdır. Haradan deputat seçildi, hansı erməni ona səs verdi, mən bilmirəm. Ona görə də gedib otursun yerində, boş-boş danışmasın. Ermənilərlə bizim güclü əlaqələrimiz var. Onlar bilirlər ki, mən ora mer gedəcəm. Gəncəliyevi də oradan seçməyiblər. İndi gələcəkdə baxarıq. Bunlar türk dilini alçaltmaq istəyirlər. Erməni kimdir ki, biz onun dilini öyrənək?! İndi mən bilirəm bu dili, ancaq bilmirəm, Gəncəliyev bilir, ya yox. Biz erməniləri özümüzə tabe etdirməliyik və onlar bizim dilimizi bilməlidirlər”.

Aqil Bəkir