“Turan Tovuz”un Kurban Berdıyev TRANSFERİ: “Komanda rəhbərliyinin sözü ilə əməli üst-üstə düşmür”

“Kurban Berdıyev üçün gətiriləcək bahalı transferlər Ayxan Abbasov üçün gətirilsəydi, “Turan Tovuz” Konfrans Liqasına vəsiqə qazana bilməzdi? Əminliklə deyirəm ki, qazanardı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Turan Tovuz” komandasının sükanı arxasına Kurban Berdıyevin gətirilməsi haqda danışan idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, “Turan Tovuz” rəhbərliyinin sözü ilə əməli üst-üstə düşmür.

“Bir müddət əvvəl bu komandanın rəhbərliyi deyirdi ki, əsas məqsədimiz infrastruktur qurmaq, tədricən inkişaf etməkdir. Amma qəflətən fikirlərini dəyişdilər və bəyan etdilər ki, məqsədimiz avrokuboklarda iştirak etməkdir. Buna görə də, Kurban Berdıyevə üstünlük verdiklərini deyirlər. Təbii ki, Kurban Berdıyev Ayxan Abbasov deyil. Onun tələbləri çox böyük olacaq. “Turan Tovuz” rəhbərliyi onun qarşısına məqsəd qoyubsa, sözsüz ki, Berdıyevin də şərtləri var. Bu şərtləri yerinə yetirmək üçün isə milyonlar xərcləmək lazım gələcək. Yəni bahalı transferlər edəcəklər, bu, birmənalıdır. Deyək ki, bu bahalı transferlər sayəsində “Turan Tovuz” növbəti mövsüm avrokuboklara vəsiqə qazandı. Sonra necə olacaq? Qrup mərhələsində olacaqmı? Deyək ki, transferlər sayəsində buna da nail oldular. Daha sonra? Bir-iki ildən sonra necə olacaq? Axı bünövrə yoxdur, bu “uğur” sabun köpüyü kimi partlayacaq”, – deyə o əlavə edib.

N.Muxtarlı qeyd edib ki, komanda ikinci “Qarabağ” qurmaq istəyir:

“Turan” Tovuz” rəhbərliyi ikinci “Qarabağ” qurmaq istəyir? Əla, qursunlar. Amma Qurban Qurbanov indiki “Qarabağ”ı belə qurmayıb axı. Qurban Qurbanov yola yerli futbolçularla çıxdı, ildən-ilə heyəti təkmilləşdirdi, balans yaratdı və sabitliyi təmin etdi. Kurban Berdıyev üçün gətiriləcək bahalı transferlər Ayxan Abbasov üçün gətirilsəydi, “Turan Tovuz” Konfrans Liqasına vəsiqə qazana bilməzdi? Əminliklə deyirəm ki, qazanardı. Amma maraqlıdır ki, Ayxan Abbasova rəva görmədkilərindən qat-qat artığını qoca Berdıyevə həvəslə verirlər”.

Mütəxəssis Kurban Berdıyevin Azərbaycan futboluna nəsə verəcəyini düşünmür:

“Berdıyev uğurlu məşqçi olub. Amma keçmişdə. Bu adam son illərdə bir yerdə qərar tuta bilmir. Az qala, bir ilin içində 3-4 komanda dəyişib. Təbrizin “Traktor” klubundan qaçdı. Sonra “Soçi”də qərar tutmadı. Daha sonra Mahaçqala “Dinamo”sunda müəmmalı gedişlər etdi. İndi də Tovuza gəlib. Çox müəmmalı gəlişdir. Böyük ehtimalla, “Turan Tovuz” rəhbərliyi hansısa maraqlar naminə bu gedişi edir. Amma düşünmürəm ki, Kurban Berdıyev Azərbaycan futboluna nəsə verəcək. Onun qurduğu komanda “mövsümi mahnı” kimi olacaq. Bir müddət gündəmdə qalacaq və yoxa çıxacaq. Ancaq bu “mövsümi mahnı” üçün milyonlar xərclənəcək. Qazanan olacaq? Mütləq olacaq. Amma Azərbaycan futbolunun qazanmayacağı dəqiqdir”.

İsmayıl Bakuvi

COP29