“TuranBank” və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində yeni kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər “TuranBank”a Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.
Məlumat üçün bildiririk ki, “TuranBank” 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək müxtəlif biznes sahələrinin maliyyələşdirməsini reallaşdırmışdır.
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan maliyyə bazarında ilk dəfə manat valyutasında kreditləşmə xəttini “TuranBank” vasitəsilə həyata keçirmişdir. Bank cəlb etdiyi bu vəsait hesabına Kiçik və Orta sahibkarlığın inkişafına dəstək göstərməkdə davam edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək məqsədilə 1999-cu ildə fəaliyyətə başlayıb. QDTİB üzv ölkələrdə dövlət və özəl sektorda layihələr və ticarətin maliyyələşdirilməsi məqsədi ilə kreditlər, kredit xətləri, səhmdar kapitalı və zəmanətlər verərək iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini əsas tutaraq üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.
“TuranBank” institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.