“Yaranmış vəziyyətdə turizm sektorunda xidmət miqyasının azalması bu sahə üzrə işsizlərin sayını artıracaq”.
Koronavirus pandemiyası fonunda ölkədə xüsusi rejimin tətbiqi bir sıra sahələrə mənfi təsir göstərməkdədir. Bu sırada turizm sektorunda yaranmış vəziyyətin gün-gündən daha da mürəkkəbləşdiyi, dəyən maddi zərərin sürətlə artdığı xüsusi qeyd edilməlidir.
Nazirlər Kabinetinin xüsusi rejim fonunda sahibkarlara dəyən zərərin qarşılanması məqsədilə onlara təzminat ödənməyəcəyini bəyan etməsi sözügedən sektorda narahatlıqla qarşılanıb. Ona görə də, koronavirus təhlükəsi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin növbəti aylarda da davam etməsinin turizm sektoruna verəcəyi “töhfə” böyük maraq doğurur.
“Era Travel” turizm şirkətinin rəhbəri Anar Əliyev Yenicag.az-a açıqlamasında turizm sahəsindəki mövcüd vəziyyətə toxunub. Anar Əliyevə görə, koronavirus pandemiyası ölkəyə gələn turist axınını tamamilə dayandırıb və bu tendensiya uzun müddət davam edərsə, vəziyyətin ağırlaşdığı turizm sektorunda daha ciddi problemlər yaşanacaq:
“Mövcud şəraitdə turizm sektorundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Türkiyədə iri turizm şirkətləri ofislərini bağlayaraq, bütün işçilərini məcburi məzuniyyətə buraxıblar. Bu səbəbdən, şirkətimizin Türkiyə filialının işçilərini də geri göndəriblər.
Aprel-may aylarında koronavirus pandemiyası davam edərsə, yay mövsümündə turizm sahəsində ciddi boşluqlar yaranacaq. Çünki koronavirusla mübarizənin hələ nə qədər davam edəcəyi bilinmir”.
Pandemiya fonunda tətbiq olunan məhdudlaşdırıcı tədbirlər nəticəsində zərər görən obyektlərə dövlət tərəfindən kompensasiya ödənilməsinin nəzərdə tutulmamasına münasibət bildirən Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov Yenicag.az-a açıqlamasında bildirib ki, xüsusi rejimin tətbiqi uzunmüddətli olarsa, bu, ölkədə işsizlərin sayını xeyli artıracaq:
“Turizm sektorunun Ümumi Daxili Məhsulda xüsusi çəkisi çox deyil. O baxımdan, turizm sahəsindəki 20-30 faizlik azalma ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək.
Özəl sektorun bir sahəsi olan turizmdə mümkün risklər öncədən nəzərə alınmalıdır. O da qeyd olunmalıdır ki, xüsusi rejim fonunda turizm sektorunda mövcud boşluqlar davam edərsə, həmin sektorda çalışanların əksəriyyəti işsiz qala bilər”.
Gülşən Şərif