“Qeydə alınan azalmada şadlıq və mərasim evlərinin fəaliyyətinin dayandırılması həlledici rol oynayıb”.
Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının bu ilin I rübündə ölkənin xidmət sektoruna təsirini şərh edən iqtisadçı Rövşən Ağayev deyib.
Rövşən Ağayevin sözlərinə görə, mart ayının müəyyən dövründə karantin rejimi hələ sərtləşdirilməsə də, insanların kütləvi yerlərdən və tədbirlərdən yayınmaları, həmçinin toy və yas mərasimlərinin təxirə salınması xidmət sektoru üzrə göstəricilərə ciddi təsir edib:
“Mart ayında turizm və restoran sektorunda yaranan əlavə dəyərin həcmi 76 milyon manat olub. Bu, nominal ifadədə 2019-cu ilin mart ayına nisbətən 2,1 dəfə (87 milyon manat), 2018-ci ilin mart ayı ilə müqayisədə isə 2,2 dəfə (93 milyon manat) azdır.
Üç ayın yekunlarına görə, 2020-ci ilin yanvar-mart aylarında turizm və ictimai-iaşə sektoru real ifadədə ötən ilin eyni dövrünə nisbətən 14 faiz kiçilib. Çox güman ki, bu azalmada şadlıq və mərasim evlərinin fəaliyyətinin dayandırılması həlledici rol oynayıb.
Sərnişindaşımada da azalma baş verib. 2018 və 2019-cu illərdə mart ayında nəqliyyat sektorunda sərnişindaşıma dövriyyəsi 156-157 milyon nəfər təşkil etdiyi halda, bu ilin martında 130 milyon nəfər qeydə alınıb.
2020-ci ilin mart ayının sərnişindaşıma göstəricisi son 2 ilin eyni ayının orta göstəricisindən 26 milyon nəfər nəfər və ya 17 faiz azdır. Təəssüf ki, Statistika Komitəsi elektrik enerjisi, qaz və su istehlakı barədə məlumatı açıqlamır. O məlumatlar iqtisadiyyatda indi baş verən prosesləri daha dəqiq izləməyə imkan verən əsas mənbələrdən biridir”.
Gülşən Şərif