“Türk axını” layihəsi yekunlaşır – İşlərin 90 faizi başa çatdırılıb

Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq “Türk axını” layihəsi çərçivəsində işlərin bu ilin dekabrında tamamlanması nəzərdə tutulur.

Yenicag.az Oilgas.az-a istinadən xəbər verir ki, Türkiyəyə ildə 31,5 milyon kubmetr həcmində təbii qazın nəqlinə imkan yaradan, iki paralel xətdən ibarət olan və dünyanın texniki cəhətdən ən effektli layihələrindən biri sayılan “Türk axını”nın tamamlanması Türkiyənin enerji siyasətində mühüm strateji uğuru kimi qiymətləndirilir.

Layihə çərçivəsində təbii qaz Rusiyanın Anapa şəhərindən Türkiyəyə, dəniz altından çəkilmiş iki pararlel boru ilə nəql olunacaq. Birinci xətdən gələcək 15, 75 milyard kubmetr təbii qaz Lüləburgaz yaxınlığındakı qazpaylama xəttinə qoşularaq, Türkiyənin istifadəsinə veriləcək.

Bu barədə “Anadolu” Agentliyinə müsahibə verən “Qazprom”un İdarə Heyəti sədrinin müavini və “Türk axını” layihəsinin icra rəhbəri Oleq Aksyutin işlərin tamamlanmaq üzrə olduğunu deyib: “Kıyıköy qaz qəbulu terminalındakı işlərin 90 faizi tamamlanıb. Qara dənizin iki tərəfini birəşdirən dəniz xətləri də bütünlüklə hazırdır. Layihənin dəniz hissəsi çox sürətli şəkildə tamamlandı”.

Aksyutin texniki cəhətdən çox mürəkkəb olan bu layihənin sürətlə həyata keçirilməsini böyük uğur adlandırıb.

Aqil Bəkir