“Türk axını”nda qiymət narazılığı – Rusiya Türkiyəyə güzəştə getmir

“Qazprom” təbii qaz qiymətlərində heç bir endirim etməyəcək.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksandr Medvedev bildirib. Onun sözlərinə görə, “Türk axını” layihəsi ətrafında müzakirələr başlayarkən qiymətlər baha olsa da, artıq endirim ediləcək dövr deyil:

“Bu danışıqlara qiymətlərin çox yüksək olduğu bir dövrdə başlamışdıq. Indi isə qiymətlər çox aşağıdır. Artıq endirim barədə danışmağa ehtiyac yoxdur. Botaş və Türkiyə Energetika Nazirliyi ilə mütəmadi olaraq danışıqlar aparırıq”.

Medvedev problemin məhkəmədə həll olunmasına tərəfdar olmadığını da qeyd edib:

“Məhkəmənin tərəfdaşlarımıza bizim danışıqlar zamanı təklif etdiyimizdən daha pis nəticələr təqdim etdiyi hallar da olub. Buna görə də, “Türk axını” layihəsinin ticarət problemlərini də həll edəcəyinə ümid edirik”.

Qeyd edək ki, “Türk axını” layihəsində ortaq olan Türkiyə və Rusiya qaz qiymətlərində razılaşa bilmir. Buna səbəb Rusiya qazıda özəl sektor faktorunun olmasıdır. Botaş-ın imzaladığı kontrakt nəticəsində 10 milyard kubmetr Rusiya qazını özəl şirkətlər satın alır. Bu şirkətlər idxal etdikləri qazı demək olar ki, tam həcmdə topdan satış şirkətləri vasitəsilə istehlakçılara çatdırırlar. Keçən il özəl sektor üçün qaz qiymətlərində endirim edən Rusiya gələn il etdiyi endirim miqdarını qiymətlərin üzərinə əlavə edəcəyini elan etmişdi. Lakin dolların digər məzənnələrə qarşı möhkəmlənməsi fonunda qiymətlərdəki artım topdan satış şirkətlərinin zərər görməsinə səbəb olub.

Yenicag.az