!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türk birliyini arzulayanlar Bulat Nazarbayevi hakimiyyətə gətirməlidir” – Ermek Tayçibekov

!Reklam – Yazi

“Tokayev dönəmində Qazaxıstanın Azərbaycan və Türkiyə ilə münasibətlərində dəyişikliklər gözlənilir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Qazaxıstanda keçirilmiş son prezident seçkilərindən sonra yeni hakimiyyətin daxili və xarici siyasətində gözlənilən mümkün dəyişiklikləri dəyərləndirən Qazaxıstanlı tanınmış dissident Ermek Tayçibekov deyib.

– Qazaxıstanda keçirilən son prezident seçkilərini necə qiymətləndirirsiz? Tokayevin seçilməsindən sonra ölkənin daxili və xarici siyasətində nələr dəyişə bilər?

– İyunun 3-də keçirilən prezident seçkilərinin əvvəlkilərdən daha demokratik olduğunu söyləmək mümkündür. Kasım-Jomart Tokayev qarşıdakı bir-iki illik keçid müddəti üçün nəzərdə tutulan dekorativ siyasi fiqurdur. Yəni onun prezident postuna gətirilməsində əsas məqsəd bir müddətdən sonra hakimiyyətin Elbaşının (Nursultan Nazarbayev) ailə üzvlərindən birinə – ya parlamentin yuxarı palatasının sədri olan Dariqe Nazarbayevaya, ya da Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Samat Satıbaldiyevə ötürülməsini təmin etməkdir.

Əlbəttə ki, Nazarbayevlə müqayisədə Tokayev Rusiyaya daha çox meyllənir.

– Tokayevin Ermənistan haqqında isti fikirləri Azərbaycanda kəskin reaksiya doğurub. Ermənistan Qazaxıstan üçün bu qədər vacib tərəfdaşdır?

– Real baxsaq, Ermənistan Qazaxıstan üçün heç vaxt Azərbaycan qədər vacib tərəfdaş ola bilməz. Ancaq bunu da qeyd etmək lazım gəlir ki, beynəlxalq erməni lobbisi Azərbaycan lobbisindən daha güclüdür. Ona görə də Tokayevin ermənilərə yönəlik bu reveransının Ermənistana deyil, beynəlxalq erməni lobbisinə ünvanlandığını söyləmək mümkündür. Tokayev bununla öz statusunu legitimləşdirmək niyyətini güdür.

– Nazarbayev dönəmində Qazaxıstanın Azərbaycan və Türkiyə ilə çox sıx siyasi-iqtisadi əlaqələri qurulub. Tokayevin bu ölkələrə, ümumilikdə Türk dünyasına münasibəti necə olacaq?

– Nazarbayev bir şəxsiyyət olaraq, qatı ukrainofil, İslamçı və pantürkistdir. Məhz onun baxışları sayəsində əvvəllər o qədər də dindar olmayan qazax cəmiyyətində dinə güclü meyl yaranıb. Eyni zamanda, cəmiyyətdə pantürkist və ukraynameylli “rusofob” ovqat da kifayət qədər güclənib. Sözsüz ki, Tokayev özlüyündə Elbaşıdan xeyli fərqlənir.

Ona görə də, Qazaxıstanın Azərbaycan və Türkiyə ilə münasibətlərində dəyişikliklər gözlənilir. Lakin bu dəyişikliklər köklü xarakter daşımayacaq. Əgər, Azərbaycan və Türkiyə Orta Asiyada öz geosiyasi kombinasiyalarını qurmaq istəyirlərsə, o zaman Elbaşının qardaşı Bulat Nazarbayevin hakimiyyətə gətirilməsinə dəstək verməlidirlər. Bulat Nazarbayev əqidəli və Türkiyəyönümlü pantürkistdir. O, hakimiyyətə gələrsə, Qazaxıstan Türkiyə üçün “İkinci Azərbaycan” olacaq.

Qafqaz Ömərov

www.yenicag.az

3851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv