“Türk dövlətləri Qazaxıstan olaylarına səssiz qalmamalıdır” – Tənzilə Rüstəmxanlı

Ötən ilin sonlarında Türk Şurası əsasında Türk Dövlətləri Təşkilatının qurulması dünyanın geopolitik düzənində yeni situasiya yaratdı. Avrasiyada perspektivli güc mərkəzinin yaranması, xüsusilə, bu güc mərkəzinin bölgədə yüz illərdir, söz sahibi olan Türklərin əlində tutulması türk düşmənlərində ciddi narahatlıq doğurdu.

Hələ o zaman Türk Dövlətləri Təşkilatının yaranmasına qarşı məkrli planların qurulacağı ehtimal edilirdi. Bir müddət öncə qardaş Türkiyədə milli valyuta böhranı, Fransa kimi dövlətin prezidentliyə namizədinin separatçı erməni rejiminə açıq dəstək verməsi kimi hallar bu planın bir hissəsi sayıla bilər.

Amma indi qardaş Qazaxıstanda baş verənlər daha məkrli və dərin düşmənçilik planının işə salındığını göstərir. Böyük hədəf olaraq, Qazaxıstanın seçilməsi də təsadüfi deyil. Qazaxıstanın Türküstan şəhəri hazırda Türk Dövlətləri Təşkilatının mədəniyyət paytaxtı hesab olunur. Baş verən olaylarda Qazaxıstanın keçmiş prezidenti, təcrübəli dövlət adamı Nursultan Nazarbayevin hədəf taxtasına çıxarılmasında da xüsusi anlam var.

Türk Dövlətləri Təşkilatının ortaq bəyanatında qeyd olunur ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən başlanan “Türk Vizyonu 2040” konsepsiyası strateji bir sənəddir. Bu sənəd Türk dövlətlərinin ortaq maraqlarının uzlaşdırılması üçün bütün sahələr üzrə əməkdaşlığın prioritetlərini özündə cəmləşdirir. Prosesin uzaq hədəflərdə qalıcı olması üçün ortamüddətli strateji planın işlənib hazırlanması vacibdir. Bu, gələcək illərə keçid üçün mühüm əhəmiyyətə malikdir.

Beləliklə, Qazaxıstanda baş verən iğtişaşların xüsusi ssenari əsasında hazırlandığı bir yana, əsas hədəfin Türk dünyası olduğu gün kimi ortadadır. Öncədən qeyd edək ki, Qazaxıstanda qazın artırılmış qiyməti ilə bağlı başlayan etirazlardan sonra digər tələblər də irəli sürüldü və onların demək olar, hamısı hökumət tərəfindən yerinə yetirildi. Üstəlik, hökumət istefaya getdi və proseslərin sonrakı gedişatı ilə bağlı, yəni vəziyyətin normallaşdırılması istiqamətində atılacaq bəzi addımlar da etirazçılara açıqlandı.

Lakin bütün bunlara rəğmən, etirazçılar tətbiq edilən fövqəladə vəziyyətə və komendant saatına məhəl qoymayaraq ölkənin müxtəlif şəhərlərində qanunsuz əməllər törətməyə davam etdilər. Bu gün Alma-Atada, Çimkənddə, Aktauda, Nur-Sultanda, Aktobedə və digər şəhərlərdə yandırılan polis və yanğınsöndürən maşınları, digər texnikalar, habelə dağıdılan, talan edilən müxtəlif məqsədli tikililər – bütün bunlar bilavastiə vergi ödəyciləri olan qazax xalqının, Qazaxıstan vətəndaşının bəhrələridir. Və əgər bütün bunları yandıranlar, məhv edənlər varsa, onlar, ilk növbədə, sadə xalqın ödədiyi vergiləri hədəfə alırlar. Sabah isə dağıdılan, yandırılan hər şey yenidən bərpa olunmalıdır və söz yox ki, onların da hesabı vergi ödəyicilərinin dövlət büdcəsinə yatırdıqları vəsaitlər hesabına qarşılanacaq. Yəni hadısələrin necə inkişaf etməsindən asılı olmayaraq, Qazaxıstan dövlətinə ikiqat iqtisadi ziyan vuruldu.

Baş verən olaylarda ilk ağla gələn heç şübhəsiz, proseslərə xarici təsirdir. Çünki regionumuzda gedən ciddi proseslərin kökündə bir çox xarici qüvvələrin kirli maraqlarının dayanması da kimsəyə sirr deyil. Qərb, Şimal və başqa güclər öz siyasi maraqlarını təmin etməkdən ötrü ən çirkin oyunlarını işə salmağa hazırdırlar. Bu sırada isə ilk xatırlanan Rusiya, Çin və Qərbdir.

“Rusiya bu olayları təşkil etdi ki, Qazaxıstana daxil olsun” kimi rəylər heç də reallığı tam əks etdirmir. Çünki Rusiya, zatən, Qazaxıstanda mövcudluğunu təmin etmişdi və bu iki dövlət arasında heç bir fikir ayrılığı yox idi. Düzdür, Qazaxıstan hakimiyyətinin son illər apardığı islahatlar, Türkiyə ilə yaxınlaşma siyasəti, Türk Dövlətləri Təşkilatında dinamik fəaliyyət, milli köklərə qayıdış, Türk milli kimliyinin dövlət səviyyəsində təbliği Rusiyanı qıcıqlandırırdı. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin çıxışlarının birində Qazaxıstanı nəzərdə tutaraq postosvet ölkələrini “kvazi dövlətlər” adlandırmışdı. Amma bu narazılıq indiki olaylara səbəb olacaq səviyyədə deyil.

Digər tərəfdən, Rusiya heç yerdə inqilablar təşkil etmir, belə bir modeli yoxdur, rejimlərin xalq hərəkatları nəticəsində devrilməsinə nifrət edir, xüsusilə, postsovet məkanında bu cür prosesləri öz maraqlarına ciddi təhdid sayır. Qazaxıstandakı hadisələrin böyüməsini də maraqlarına təhdid kimi gördü, indi bunu önləmək və yerli rejimi qorumaq üçün oraya hərbi kontingent göndərir. Nəticədə təşkilatçısı olmasa da, Rusiya bu proseslərdən bəhrələnərək Qazaxıstana hərbi güc yeritməyə nail olur. Qərbin Qazaxıstanı və Belarusu Rusiyadan qoparmaq yönündə siyasəti (niyyəti yox, siyasəti) olmayıb, amma Ukrayna gərginliyi fonunda indiki qarşıdurmada Rusiyanın Qazaxıstan kimi qalasını fəth etmək niyyətində ola bilər.

Bu gün Qazaxıstanda baş verənlərin mahiyyət və formaca “Ərəb baharı” layihəsində yer alan etirazlara bənzəməsi də bu arqumenti gücləndirir. Eyni zamanda, Qazaxıstanın daxil olduğu geopolitik məkanda Qərblə gizli işbirliyində olan “Taliban”ın Əfqanıstanda hakimiyyəti təkrar əlinə keçirməsini də diqqətdən qaçırmaq olmaz. Çünki artıq Qazaxıstandakı iğtişaşçıların əlində silah görünməkdədir. Amma heç kimə sirr deyil ki, bu və ya digər xarici təsirlərə rəğmən, baş verənlərdə əsas faktor Qazaxıstan xalqıdır. Xalq isə səbirli olmalı, öz dövlətinə sahib çıxaraq xaosa getməməlidir.

Nəzərə alınmalıdır ki, olaylar Qazaxıstan üçün hətta ərazi itkisinə qədər mənfi ssenari üzrə inkişaf edə bilər. Qazaxıstan xaosa sürüklənsə, şübhə yoxdur ki, ölkənin iqtisadiyyatı da çökəcək, siyasi böhran qaçılmaz olacaq. Sivil Qazaxıstan dövləti elə bir uçuruma yuvarlanacaq ki, oradan qurtulmaq on illərlə vaxt aparacaq. Belə oyunların qarşısını almaq üçün isə müdriklik göstərmək lazımdır. Qazax xalqının böyük oğlu, bu gün Qazaxıstanın elbaşısı (ağsaqqalı) olan Nursultan Nazarbayevin vaxtilə ölkəsini parçalanmadan, separatçı meyillərdən, radikal dini cərəyanlardan müdrikliklə qoruduğu, sonra isə inkişaf etdirdiyi kimi…

Türk dövlətləri də öz növbəsində Qazaxıstan olaylarına səssiz qalmamalı və hadisələrin nəzarət altına alınmasına dəstək verməlidirlər.