Türk dünyası bütövləşir: Mirziyayev Özbəkistanı sıraya qaytardı

Özbəkistan prezidentinin uzun fasilədən sonra Türkiyəyə baş tutan səfəri Türk dövlətləri arasında münasibətlərin yeni mərhələsi kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şövkət Mirziyayevin Ankarada keçirilmiş görüşündə iki ölkə arasında geniş spektrli məsələlər ətraflı müzakirə olunub.

Prezidentlərin görüşündən sonra verilən açıqlamalara əsasən, Türkiyə ilə Özbəkistan arasında siyasi münasibətlərin nizamlanması iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlığın bərpasına yol açıb.

Ankarada müxtəlif sahələr üzrə imzalanmış çoxsaylı ikitərəfli müqavilələr də tərəflərin qarşılıqlı münasibətləri dərinləşdirmək niyyətinin təsdiqi kimi qiymətləndirilir.

Mirziyayevin Ankaraya səfərinin həm də Türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsinə təkan verəcəyi gözlənilir. Xatırladaq ki, İslam Kərimov dönəmində Özbəkistanın Türkiyə ilə münasibətlərinin gərginləşməsi üzündən Daşkənd özünü türkdilli dövlətlər arasında əməkdaşlıqdan kənarda saxlayırdı.

Özbəkistan prezidentinin Ankaraya səfərini və orada aparılan müzakirələrin nəticələrini Yenicag.az-a dəyərləndirən politoloq Elxan Şahinoğlu bunu Türkiyə-Özbəkistan münasibətlərində, o cümlədən türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində yeni mərhələ adlandırıb:

“Özbəkistan prezidenti Şövkət Mirziyayevin Türkiyəyə səfəri hər iki dövlət üçün mühüm hadisə idi. Bu səfər özlüyündə Mirziyayevlə eyni gündə Ankaraya gedən İraqın baş naziri Heydər İbadinin səfərindən heç də az əhəmiyyət daşımırdı.

Vurğulamaq lazımdır ki, bu, Özbəkistan prezidentinin son 20 ildə Türkiyəyə ilk rəsmi səfəridir. Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dövründə qarşılıqlı münasibətlər xeyli gərginləşmişdi və ötən əsrin 90-cı illərinin ortalarında Türkiyənin Özbəkistandakı şirkətləri, o cümlədən məktəbləri bağlanmışdı.

Bu gərginliyin nəticəsi olaraq, Kərimov türkdilli dövlət başçılarının zirvə toplantılarına da qatılmırdı. Şövkət Miziyeyev isə İslam Kərimovun xarisi siyasətini korrektə edərək, Türkiyə ilə münasibətləri normallaşdırmağa qərar verdi.

Özbəkistan prezidentinin Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkə arasında 26 əməkdaşlıq sazişi imzalandı. Razılaşmaya əsasən, İstanbulla Səmərqənd arasında birbaşa hava reysi açılacaq.

Eyni zamanda, iki ölkə tərəfindən dəyəri 3,5 milyard dollar olan 35 birgə layihə həyata keçiriləcək. Bununla Türkiyə-Özbəkistan münasibətlərində yeni mərhələnin yarandığını vurğulaya bilərik.

Özbəkistan Türkiyə ilə münasibətləri normallaşdırmaqla türkdilli dövlətlər arasında inteqrasiya prosesində iştirakını da bərpa edəcək və bu ölkənin prezidenti türkdilli dövlət başçılarının sammitinə də qatılacaq”.

Politoloqun fikrincə, Türkiyənin Özbəkistan və İraqla münasibətləri normallaşdırması Azərbaycanın da maraqlarına uyğundur:

“Türkiyənin həm İraq, həm də Özbəkistanla münasibətlərini normallaşdırması Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab verir. Azərbaycan türkdilli dövlətlər arasında Özbəkistanla münasibətlərə hər zaman xüsusi əhəmiyyət verib.

Bakı Özbəkistanla strateji müttəfiqi Türkiyə arasındakı münasibətlərin soyuq olmasından narahat idi. Bununla paralel olaraq, İraq ordusunun Kərkük şəhərini nəzarət altına alması da Azərbaycanın maraqlarına uyğundur.

Kərkükdə ən böyük etnik qruplardan biri türkmənlərdir. Türkmənlər milli mənsubiyyət baxımından Azərbaycan türklərinə çox yaxındırlar. Ona görə də İraqda yaşayan türkmənlər Türkiyə ilə yanaşı, hər zaman Azərbaycandan da dəstək gözləyirlər.

Kərkükdə kürd birlikləri olduğu illərdə Azərbaycan həmin şəhərdə yaşayan türkmənlərə kömək edə bilmirdi. İndi isə vəziyyət fərqlidir. Bakı Bağdadın razılığı ilə Kərkük əhalisi üçün müəyyən humanitar layihələr reallaşdıra, həmçinin türkmanlar üçün məktəblərin və iaşə obyektlərinin tikilməsində iştirak edə bilər”.

A. Zeynalov