Ankarada Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasının iclası keçirilib.
Yenicag.az xəbər verir ki, toplantıda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının (TÜBA) rəhbəri professor Müzəffər Şəkər və təşkilata üzv digər ölkələrin aidiyyəti qurumlarının rəsmiləri iştirak ediblər.
İclasda çıxış edən akademik Şahin Mustafayev bu görüşün məhsuldar olacağına inamını ifadə edib. Türk dövlətlərinin hər sahədə olduğu kimi, elmi cəhətdən də yüksələrək inkişaf etdiyini deyən akademik iqlim dəyişikliyi, dayanıqlı inkişaf, səhiyyə böhranları və texnoloji inkişaf kimi sahələr üzərində çalışmağın zəruriliyini qeyd edib.
Bildirilib ki, daha konkret və layihə əsaslı əməkdaşlıq müəyyən nəticələrə nail olmaq baxımından ortaq fikri ifadə etməlidir.
Akademik Şahin Mustafayev görüşün formatı və indiyədək görülən işlər barədə iştirakçılara məlumat verib.
Çıxışı zamanı təşkilatın builki toplantısında gələcəyə baxış çərçivəsində mühüm məsələlərin müzakirə olunacağına diqqət çəkən Binəli Yıldırım türkdilli ölkələrin hər sahədə inkişafı, güclənməsi, eləcə də elmin işığı altında gələcəyinin daha da parlaq olması istiqamətində fəaliyyətlərini davam etdirdiklərini bildirib. O, təşkilata üzv ölkələr arasında müxtəlif əməkdaşlıq sahələrinin olduğunu xatırladaraq ortaq tarix mövzusunun da vacibliyini vurğulayıb.
Tədbirdə Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinə dövr sədrliyi Türkiyəyə verilib. Sədrliyi simvolizə edən plaket Tatarıstan Elm Akademiyasının (Rusiya Federasiyası) vitse-prezidenti Aynur Temirxanov tərəfindən TÜBA sədri Müzəffər Şəkərə təqdim olunub.