Türk dünyasının qəlbi yenidən Bakıda döyünəcək

Bakı Türk dünyası ilə bağlı daha bir tədbirə ev sahibliyi edəcək. Azərbaycan paytaxtında İkinci Türk İnteqrasiya Olimpiadası keçiriləcək.

Bu barədə Türk İnteqrasiya Olimpiadasının təsisçisi Hədəf Şirkətlər Qrupundan məlumat verilib.

Bildirilib ki, II Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçiriləcək olimpiadadır. Bu olimpiada, türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmalarını və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu vasitəsilə birləşməsini hədəfləyir.
Məlumatda deyilir ki, TİO, Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb: “FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan “Hədəf Nəşrləri” tərəfindən təsis edilib. 14 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır, bir sualın şərtində və cavab variantlarında 2–5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq”.

Qeyd edilir ki, Olimpiadanın əsas məqsədi aşağıdakılardır: Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək; Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması; Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması; Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”inin fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.

Olimpiadanın əhatə dairəsinə gəlincə, bura Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Bolqarıstan, Başqurdustan, Altay, Tuva, Saxa, Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri, Gürcüstan (Borçalı) və s. daxildir.

Təşkilatçılardan verilən məlumata əsasən, Olimpiadada iştirak şərtləri bunlardan ibarətdir: Hər bir türkdilli ölkə öz seçim mərhələsini təşkil edəcək; Seçim mərhələsində 40%-dən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaq; TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.

Qeyd edək ki, Olimpiada iki mərhələdə baş tutacaq:

Ölkə seçim mərhələsi – 06 aprel 2025-ci il tarixdə hər ölkə öz seçim turunu online şəkildə təşkil edəcək.

Final mərhələsi – 03 may 2025-ci il tarixdə Bakı şəhərində keçiriləcək.

Olimpiadada 60 dəqiqə müddətində şagirdlər 20 sualı cavablandıracaqlar. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılacaq:
5 asan sual – 4 bal;
10 orta səviyyəli sual – 5 bal;
5 çətin sual – 6 bal.
Maksimum bal 100-dür.

Olimpiadanın təşkilatçıları Hədəf Şirkətlər Qrupu, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Qazaxıstan Turan Universiteti, Doğu Akdeniz Universitetidir.

Olimpiada təşkilatçıların və tərəfdaşların maliyyə dəstəyi ilə təşkil olunacaqdır.
Əlavə məlumat və qeydiyyat üçün Hədəf Olimpiada Mərkəzinin www.tio.edu.az rəsmi saytına müraciət edə bilərsiniz.

Tel: +994 77 220 03 02