“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi probleminin həlli ancaq hərbi-siyasi yolla mümkündür”.
Bunu Yenicag.ru-ya müsahibəsində Karabük Universiteti Beynəlxalq münasibətlər fakültəsinin Təhsil məsələləri üzrə şöbəsinin müdiri Əli Qafqaz deyib.
– Qafqazdakı etnopolitik problemlərin kökündəki əsl səbəb Rus-Türk, Türk-İran və İran-Rus münasibətlərindən hansıdır? Qafqazda bu 3 dövlət hər zaman savaşıb və 19-cu əsrdən Avropa da bu savaşa qatılıb. Bəs bu gün bu bölgənin geopolitik xəritəsi hansı rəngdədir?
– Çox sayda qanlı savaşlara şahid olmuş Qafqaz geopolitik baxımdan ta qədim zamanlardan günümüzədək böyük dövlətlərin diqqət mərkəzində olub. Əslində, sualda deyilən münasibətlər Orta dövrdən etibarən açıq şəkildə özünü göstərib və göstərməyə də davam edir. Osmanlı və Səfəvi (və xələfləri) dövlətləri arasında bu bölgə uğrunda uzun zaman müharibələr aparılmış, 19-cu əsrdə Qacarlar və Osmanlının zəifləməsi və Rusiyanın yüksəlişi, həmçinin onun işğal siyasətini daha da genişləndirməsi bu bölgə üzərində (ən azından böyük bir hissəsində) qalıcı bir hakimiyyət qurmasına səbəbiyyət vermişdir. XX əsrdə Çar Rusiyasının dağılmasından sonra bu bölgədə yaranan balaca dövlətlərin də ömrü qısa olmuşdur. Bu zaman kəsiyində baş verən hadisələr qısa da olsa, Türkiyə və Rusiyanı yaxınlaşdırmışdır. Daha sonra Bolşevik Rusiyası tərəfindən yenidən Qafqaz işğal edilir. Sovet İmperiyası dağılandan sonra Cənubi Qafqaz cumhuriyyətləri müstəqilliklərinə qovuşublar. Bu müddət ərzində dünyanın böyük dövlətləri, həmçinin bölgəsəl güclər – Rusiya, Türkiyə və İranın Qafqaz politikaları enişli-çıxışlı olmuşdur. Bu eniş və çıxışların detalları ilə birlikdə dəyərləndirmək asan deyil. Lakin məsələyə bütün olaraq baxdıqda Rusiyanın bölgədə baş rol oynadığını deyə bilərik. Ancaq Türkiyəni kənarlaşdırıb tarazlığı yerindən oynadacaq politikadan söhbət belə gedə bilməyəcəyini qeyd etmək lazımdır. Türkiyənin bu bölgəyə dair siyasətini uğurlu edəcək, ən azından uğurlu olmasına təkan verəcək bir çox təbii faktor var. Əvvəla, Azərbaycan-Türkiyə münasibətlərinin son dərəcə xüsusi olması, Gürcüstanın Rusiyaya qarşı siyasəti, hər nə qədər bəzi problemlər olsa da, Türkiyə-Azərbaycan-Gürcüstan xəttinin qüvvətləndirilməsi və s. bu faktorlardandır. Bundan əlavə, bölgədə Türkiyə və Azərbaycana qarşı patolojik nifrət duyğularını canlı tutan Ermənistanın olmasını da unutmaq olmaz və bu, diqqət mərkəzində saxlanılmalıdır.
– Suriya probleminin həlli üçün görüşən İran, Türkiyə və Rusiya Yaxın Şərq və Mərkəzi Asiyadakı digər problemlərin də həlli üçün ortaq mövqedən çıxış edə bilərlərmi? Rus-türk iş birliyinin gələcək perspektivinə inanırsınızmı?
– Əslində, İran, Türkiyə və Rusiyanın Suriya məsələsinin həlli üçün bir araya gəlmələri Amerikanın Suriya siyasətindəki qeyri-sabitlik, tarazsızlıq, qısa zamanlı “taktika”lar və Türkiyə ilə olan müttəfiqlik münasibətlərinə tərs olan davranışlarıdır. Digər bir səbəb isə istər Türkiyə, istərsə də İranın bir supergüc yox, sadəcə bölgəsəl güc olmasıdır. ABŞ aradabir bu cür ortaqlıqlara (hətta bu ortaqlıqlar səmimi də olsa) mənfi təsir edən davranışlarını açıq və ya dolayı yolla göstərir və bundan sonra da göstərməyə davam edəcək. Bu səbəbdən də həmin bu 3 ölkənin bölgənin problemlərinin həlli yönündəki ortaqlıqlarının coğrafiyasını genişlətmə imkanları azdır. Soyuq müharibədən sonra Rusiya-Türkiyə münasibətləri istər siyasi, istərsə də elmi yöndə ən çox müzakirə edilən mövzulardandır. Bu müzakirələr bundan sonra da davam edəcək. Bəzilərinin fikrincə, Rusiya və Türkiyənin güclü ortaqlığı Amerikanın bölgəyə istiqamətlənmiş siyasətinə qarşı tarazlaşdırıcı funksiya yerinə yetirəcək. Real siyasi meyarlarla baxdığımızda isə bunun həqiqətə uyğun olmadığını görürük. Dövlətlər arasındakı yeni münasibətləri dəyərləndirdikdə tarixi münasibətləri gözardı etməmək lazımdır. Qafqazın siyasi xəritəsinin indiki şəklini almasında XIX-XX əsrlərdə Rusiya-Türkiyə-İran münasibətləri, daha dəqiqi, rəqabəti önəmli rol oynayıb. Bu gün hər üç ölkə arasındakı rəqabət davam edir və gələcəkdə də davam edəcək. Bəzən Rusiya və Türkiyə arasındakı münasibətlərin inkişafına nəzərən iki dövlət arasında müttəfiqlik münasibətlərinin yarana biləcəyini dilləndirənlər var. Lakin belə bir şey münasibətlərin tarixi seyrinin inkişafına ziddir. Ancaq bunun özü belə Rusiya və Türkiyə arasında bir çox məsələdə ortaqlığın davam etdirilməsinə əngəl deyil. Həm iqtisadi, həm də siyasi məsələlərdə hər iki dövlətin ortaq mənafesinə uyğun siyasətlərin inkişaf etdirilməsi də mümkündür. Fəqət münasibətlərin təbiəti və həssasiyyəti bunun çox həssaslıqla inkişaf etdirilməsini tələb edir. Bu da gərgin işdir. Digər xüsus isə qarşılıqlı güvənin təsisi məsələsidir. Məncə, Rusiya və Türkiyə münasibətlərinə mənfi yöndə təsir edən ən böyük amillərdən biri də budur.
– Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi embarqoların hər iki ölkəni çətin vəziyyətə salmasına baxmayaraq, Moskva və Tehran qarşılarına qoyduqları və həyata keçirdikləri qlobal və bölgəsəl strategiyadan geri addım atmırlar. Hər yerdə ABŞ-ın hördüyü Qərb Blokunun qarşısına çıxırlar. Sovet imperiyasını qısa vaxt ərzində dağıtmağı bacaran Qərb nə üçün Rusiyaya bata bilmir?
– Rusiya böyük dövlətdir, qlobal güclərdən biridir. Sovet imperiyasının dağılmasının səbəbi təkcə Qərb ilə rəqabətdə Qərbin qalib gəlməsi deyil. Sovet imperiyasını çökdürən bir çox daxili faktorlar var. Bunlardan ən önəmlisi iqtisadi faktordur. İdarəçilik digər faktordur. Bu imperiyanın dağılmasından az əvvəl Qərbdəki araşdırma orqanları, Sovet üzrə mütəxəssislər SSRİ-dəki etnik və dini problemlərin bu birliyi çökdürə biləcəyi mövzusu üzərində çalışırdılar. Halbuki, Sovet imperiyasını dağıdan proseslər tamamilə başqa məcrada inkişaf etdi. Soyuq müharibədən sonra Avropa-ABŞ tərəfində bir çox şey dəyişdi.
– Dağlıq Qarabağ problemi XXI əsrin ən dərin problemlərindən biridir. Dünya sanki Azərbaycan torpaqlarının işğalını təsdiqləyib. Rusiya və Qərb məsələnin həllini öz nəzarətinə götürərək prosesi uzatmağa çalışırlar. İslam dünyası da öz dərdindədir və Azərbaycana kömək edə biləcək gücə də sahib deyillər. Sizcə, bu problemin həllində açar dövlət hansıdır? Azərbaycan torpaq bütünlüyünü təmin etmək üçün nə etməlidir?
– Bu problemin bir açarı yoxdur. Amma əsas açarı Azərbaycandadır. Bunu romantik bir dəyərləndirmə kimi görməyin. Bu, həqiqətən də, belədir. Qarabağ probleminin, daha doğrusu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi probleminin həlli hərbi-siyasi yollarla mümkündür. Azərbaycanın hərbi sahədəki gücünü hiss etməyən Ermənistan heç bir vaxt müzakirə masasına oturmayacaq. İnanın ki, yaxşı təşkil edilmiş əks hərəkat çox şeyi dəyişəcək. Ətalət halında məsələyə böyük dövlətlərin etinasız yanaşması təbiidir. Bu, eyni zamanda, mənfi imicin formalaşmasına da yol açır.
Söhbətləşdi: Qafqaz Ömərov
Tərcümə etdi: Aqil Bəkir