“Türk Mədəniyyəti və İrsi Fondu Füzuli yaradıcılığına həsr olunmuş gecələr keçirəcək” – Günel Yaz

“Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına uyğun olaraq bu il “Füzuli günləri” adlı genişmiqyaslı layihə həyata keçirməyi planlaşdırır”.

Bunu Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yaz Yenicag.az-a açıqlamasında deyib.

Günel Yazın sözlərinə görə, türk mədəniyyətinin inkişafında müstəsna yer tutan görkəmli şair, mütəfəkkir, böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib:

“Belə ki, bu layihə çərçivəsində 2024-cü il sentyabrın 23-dən 26-dək Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Füzuli-530 xətlər” kitabının təqdimatı vә Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax türkcəsində “Füzuli – 530” mövzusunda ədəbi-poetik görüş keçirilib.

Qeyd edək ki, Fond tərəfindən bu kitabın nəşrində məqsəd dahi şairin irsini təbliğ etmək, o cümlədən Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin dərinləşməsinə yardım etməkdir.

Həmçinin bu layihə çərçivəsində fond Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin, Aktobe vilayətinin Akimliyi və Aktobe vilayətinin Mədəniyyət, Arxivlər və Sənədlər Departamentinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə 2024-cü il oktyabrın 8-dən oktyabrın 12-dək Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər təşkil edəcək.

Bu tədbirlərdə türk dünyasının önəmli sənətçiləri yer alacaqlar.

Konsert proqramlarında Qazax Kamera Xoru və Azərbaycan Dövlət Xor Kapellası da iştirak edəcək.

Füzuli yaradıcılığına həsr olunmuş gecələrdə sənətçilər səhnədə qazax bəstəkarlarının nadir əsərlərini təqdim edəcək, türk dünyası tarixinin ən böyük əsəri olan bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatası da ifa olunacaq”.

Qeyd edək ki, “Füzuli günləri” proqramı çərçivəsində tamaşaçılar aşağıdakı tədbirlərdə iştirak edə bilərlər:

• 10 oktyabr – Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsert zalında konsert;

• 12 oktyabr – Gəncə şəhəri F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsert zalında konsert.

COP29