Türk Mədəniyyəti və İrsi Fondunda gözlənilməz İSTEFA: Təşkilat sonuncu dəfə borc məsələsi ilə GÜNDƏMƏ GƏLMİŞDİ
Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi, jurnalist Günel Yaz qurumdakı vəzifəsini tərk etdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalist “Facebook” hesabında məlumat verib.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu sonuncu dəfə keçən il tərcüməçi İan Pert ilə yaşanan qalmaqalla gündəmə gəlmişdi. Belə ki, həmin vaxt fondun əvvəlki rəhbəri, indi isə Milli Məclisin deputatı olan Günay Əfəndiyeva haqqında dövrü mətbuatda bir sıra iddialar yayılmışdı. “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun ozamankı açıqlamasına görə, fond tərcüməçi İan Pearta bir neçə ay davam edən tərcümə işi tapşırmış, lakin nə əvvəlcədən ödəniş etmiş, nə də iş tamamlandıqdan sonra haqqını vermişdi. Ş. Xuduoğlu qeyd etmişdi ki, fond əvvəlcə “tezliklə ödəyəcəyik” deyə vaxt qazansa da, daha sonra “Rəhbərlik dəyişib, bizdə bu barədə məlumat yoxdur” bəhanəsi ilə öhdəlikdən yayınmışdı. Sözügedən hadisənin Günay Əfəndiyevanın fondun sədri olduğu dövrə təsadüf etdiyi bildirilib.
Fond isə bu ittihamlara cavab olaraq bəyanat yaymış və İan Peart ilə heç bir rəsmi müqavilə və ya qanuni öhdəliyin olmadığını, iddiaların həqiqəti əks etdirmədiyini vurğulamışdı. Ancaq bu açıqlama məsələni tamamilə sakitləşdirə bilməmişdi.
Bununla yanaşı, Günay Əfəndiyevanın rəhbərliyi zamanı fondun xərcləri ilə bağlı da şübhələr ortaya çıxmışdı. İddialara görə, təkcə uçuş biletlərinə yarım milyondan artıq vəsait sərf olunmuş, bəzi müqavilələrə isə əməl edilməmişdi. Həmçinin onun ayda təxminən 20 min dollar maaş aldığı və şəxsi sürücüsünün olduğu da yayılan informasiyalar arasında yer almışdı.
Rafi Müslümov