Türk millət vəkili: “Avropa ilə əlaqələrimizi qurban verə bilmərik”

Türkiyə Böyük Millət Məclisinin Avropa İttifaqı Uyğunlaşma Komitəsinin üzvü, AKP-nin Sakarya bölgəsindən seçilmiş millət vəkili professor Mustafa İsen Yenicag.Az-a danışıb.

“Türkiyə öz keçmişinə sahib çıxaraq, bütün ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı maraq və hörmətə əsaslanan siyasətini davam etdirir. Beləliklə də dünyada daha çox sayılıb-seçilən ölkə mövqeyinə yüksəlir. Xüsusilə də 16 aprel referendumundan əvvəl Aİ ölkələrinin soydaşlarımızla görüşməyimizə mane olması əlaqələrimiz üçün heç də yaxşı nümunə olmadı. Həmçinin bu proseslər müasir dünyada bütün səviyyələrdəki münasibətlərin təyinedicisi rolunu oynayan iqtisadi əlaqələrin zəifləməsinə səbəb oldu ki, bu da heç kimə fayda verməyəcəkdir. Cənab iqtisadiyyat nazirimizin də ifadə etdiyi kimi Aİ ölkələri arasında ən yüksək ticarət həcmi və qarşılıqlı sərmayə qoyduğumuz ölkə Almaniyadır. Buna görə də ikitərəfli əlaqələrimizdə davam edən bəzi anlaşılmazlıqların aradan qaldırılacağına inanırıq. Türkiyə baş nazirinin bu kontekstdə ölkəmizə sərmayə qoyan böyük alman firmalarının idarəçiləri ilə görüşü onlara dövlət tərəfindən verilən zəmanətin göstəricisi rolunu oynadı. İqtisadi əməkdaşlığımızda ehtimal edilən durğunluq hər iki ölkəyə neqativ istiqamətdə təsir göstərəcəkdir. Çünki nə az, nə çox, təxminən 50 milyard avroluq bir qarşılıqlı iqtisadi əlaqədən söhbət gedir. Hazırkı anlaşılmazlıqların təsirinə məruz qalmayan iqtisadi münasibətlərimizin bundan sonra da əvvəlki kimi davam edəcəyinə inanıram. Digər sahələrdəki fikirayrılıqlarının aradan qaldırılması üçün isə qarşılıqlı addımlar atacağıq.”

Yenicag.Az

COP29