“Türk milləti “Çanaqqala ruhu”nun yaşadığını 15 iyulda bütün dünyaya göstərdi” – Hulusi Akar

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar 18 mart Şəhidlər günü münasibəti ilə bəyanat verib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ordu generalı Hulusi Akar yaydığı bəyanatda Ordunun ölkənin suverenliyi və müstəqilliyinin qarantı olmaqda davam edəcəyini bildirib:

“Türk Ordusunun qəhrəman və fədakar mənsubları, çox dəyərli Şəhid və Qazi ailələrimiz, Qazilərimiz!
Vətən torpağını mübarəkləndirən şəhidlərimizin qəhrəmanlıqları sayəsində yeddi dövlətlə mübarizədə əldə olunan Çanaqqala Zəfərinin ildönümünü coşqu ilə qeyd etdiyimiz bu gündə bayraqlaşan Vətən torpaqları uğrunda canlarından keçmiş əziz şəhidlərimizi hörmət, minnətdarlıq və rəhmətlə anıram.

Millətimiz və əsgərimiz Vətən və yüksək dəyərlər uğrunda canlarını əsirgəməyiblər. Onlar əbədi Baş Komandan Atatürkün “Mən lazım olan anda ən böyük hədiyyəm olaraq, Türk millətinə canımı verəcəyəm” sözlərində mənasını tapan fədakarlıqdan çəkinməyiblər.

Saysız qəhrəmanlıqlar millətimizin ən dəyərli uğur nümunələri kimi tarixin qızıl səhifələrinə həkk olunub. Çanaqqaladan terrorla mübarizə və “Fərat qalxanı” əməliyyatına qədər can verib, qan tökərək var olduğumuzu qədirbilən Türk milləti heç vaxt unutmayacaq. Aparılan bu çətin mübarizələr sabahımıza işıq tutacaq bir anlayış və ruh ucalığını da ortaya qoyub. Seyit Onbaşıya 275 kiloluk top mərmisini lüləyə yerləşdirmək qüdrətini verən, Yahya Çavuşlarla birlikdə Mehmetciyin sinəsində rəmzləşərək Çanaqqalanı keçilməz edən güc məhz o ruhun ucalığındadır. Türk milləti “Çanaqqala ruhu”nun yaşadığını 15 iyulda bütün dünyaya göstərdi.

Silahlı Qüvvələrimiz ölkənin təhlükəsizliyinin, suverenlik və müstəqilliyinin mühafizi olmağa davam edəcək”.

Yeniçağ.Az