!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk milliyyətçiliyinin BENEFİSİ: “Milli düşüncə mərkəzləri qismində çıxış edən həmin təşkilatlar...” – Nəsib Nəsibli

!Reklam – Yazi

“Bəzi istisnalar olmaqla, Türkiyədə demək olar, əksər partiyaların proqramlarında milliyyətçiliyə dair bənd var”.

Bu fikirləri Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlunun ritorikasında milliyyətçi vurğuların artmasına münasibət bildirən professor Nəsib Nəsibli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədə bizim anladığımız kimi xalqçılığa daha yaxın olan milliyyətçilik yoxdur:

“Türkiyənin siyasi həyatında milliyyətçilik hər zaman mühüm rol oynayıb. Ümumiyyətlə, son onilliklərdə dünyada, Avropada, o cümlədən də Türkiyədə milliyyətçiliyin gücləndiyini qeyd etməliyik. O baxımdan, buna təəccüblənmək yox, təbii qəbul etmək lazımdır. Əslində, bəzi istisnalar olmaqla, Türkiyədə demək olar, əksər partiyaların proqramlarında milliyyətçiliyə dair bənd var.

Məsələn, CHP modernist partiya sayılır, amma onun da əsas altı prinsipindən biri məhz milliyyətçilikdir. İş ondadır ki, Türkiyədə bizim anladığımız kimi xalqçılığa daha yaxın olan milliyyətçilik yoxdur. Yəni Türkiyədə milliyyətçilik daha çox dövlətə və insanlara yaxındır. Bunun örnəyi olan Türk-İslam sintezi bilinən məsələdir. Xatırladım ki, MHP ötən əsrin 40-cı illərində modernizmdən qoparaq İslama yönəldi. Bu partiyanın mövcud ideologiyası Türk-İslam sintezinə əsaslanır.

Fikrimi bir qədər də aydın ifadə etmək üçün deməliyəm ki, Türkiyədə milliyyətçiliyin əsas təmsilçisi olan MHP özlüyündə dövlətçi partiyadır. Eyni fikirləri İYİ Partiyaya da şamil etmək olar. Amma Türkiyədə fəaliyyət göstərən bir sıra ictimai təşkilatlar həqiqətən də milli düşüncə mərkəzləri qismində çıxış edirlər. Bu qurumların millətin fərdlərindən tutmuş milli dəyərlərə qədər olan məsələləri öz fəaliyyət istiqamətləri olaraq seçiblər.

Onu da deyim ki, Azərbaycanda Türkiyə seçkilərinə yönəlik maraq anlaşılan və qəbulediləndir. Anlayanlar bilir, anlamayanlar isə şüuraltı olaraq hiss edir ki, Türkiyədəki durum Azərbaycandakı vəziyyətə də ciddi təsir göstərə bilən bir haldır. Bütün hallarda Türkiyənin güclü olması Azərbaycanın da güclü olması anlamına gəlir. Amma hər şey öz qədərində yaxşıdır. Bizim insanların bir hissəsi Ərdoğanı, digər hissəsi isə Kılıçdaroğlunu dəstəkləyir. Bu, nə qədər anlaşılan olsa da, məncə, onları qarşı-qarşıya qoymaq, əks qütblərdə yerləşdirmək yanlışdır.

Müşahidə olunan budur ki, Türkiyəni tanıyan da oradakı seçkilərə şərh verir, tanımayan da… Lakin Türkiyə elə bir bəsit cəmiyyət deyil. Türkiyə toplumunu tanımaq üçün onun sosiologiyasını bilmək lazımdır. O cəmiyyət bizdəki kimi azrəngli deyil. Hər halda, çox qalmadı, cəmi iki gün sonra prezident seçkilərinin qalibi müəyyənləşəcək. Arzu edək ki, türk millətinin seçimi Türkiyənin gələcəyi üçün faydalı olsun”.

A.Zeynalov

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv