AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Əvvəlcə ədəbiyyatşünas alim, Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə Yenicag.az-a institutdan bildirilib. Tədbirdə filologiya elmləri doktoru, professor Asif Rüstəmli və filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva 70 illik yubileyləri münasibətilə Ədəbiyyat İnstitutunun fəxri fərmanları ilə təltif olunublar.
İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, institutun direktoru akademik İsa Həbibbəyli martın 27-də Akademiyada Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbirin keçirildiyini xatırladıb. O, əməkdaşları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, AMEA üzrə ensiklopedik və çoxcildlik nəşrlərin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib, yaxın günlərdə nəşrlərin təşviqi ilə bağlı Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul ediləcəyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli AMEA-da “Heydər Əliyev ensiklopediyası” və “Qərbi Azərbaycan ensiklopediyası”nın nəşrə hazırlandığını, eləcə də ikicildlik “Nizami Gəncəvi ensiklopediyası” və “Mirzə Fətəli Axundzadə ensiklopediyası” üzərində işlərin getdiyini bildirib. Alim, həmçinin Ədəbiyyat İnstitutu tərəfindən 9 cilddə “Ədəbi proses” kitabının, iki cilddə “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” monoqrafiyasının, iki cilddə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının, əməkdaşların 9 cilddə biblioqrafik göstəricisinin çap edildiyini söyləyib.
Türk xalqları arasında əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı Türk xalqları ilə əlaqələri prioritet istiqamət kimi diqqətə çatdırdığını bildirib. O, institut tərəfindən hazırlanacaq üç cilddə “Türk xalqları ədəbiyyatı”nın əhəmiyyətini qeyd edib.
İclasda üç cilddə “Türk xalqları ədəbiyyatı”nın hazırlanması haqqında qərar qəbul olunub, nəşrlə bağlı redaksiya heyətinin tərkibi müəyyən edilib, müvafiq tapşırıqlar verilib.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı professor Nizami Məmmədovun (Tağısoyun) “Qazax ədəbiyyatı tarixi” monoqrafiyasının, dosent Təranə Abdullayevanın tərtib etdiyi “Fatma xanım Kəminə. Əsərləri”nin, filologiya üzrə fəlsəfə doktoru Məlahət Qədirovanın hazırladığı “Belarus ədəbiyyatı antologiyası”nın ikinci cildinin, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Lətifə Mirzəyevanın “Sənətkarın elmi pasportu” seriyasına daxil olan “Mərziyə Əhmədi Üskui Dalğa: həyatı və yaradıcılığı” monoqrafiyasının, eləcə də dosent Təhminə Bədəlovanın “Nizamini anlamaq ehtiyacı” kitabının və Nurlanə Məmmədovanın “Tənqidçinin düşüncələri: Məsud Əlioğlu” monoqrafiyasının çapa tövsiyə olunması və bir sıra kadr məsələləri haqqında məlumat verib.