“Türk xalqlarının bu prosesə qoşularaq sıx birləşməsi olduqca vacibdir”

75f31b81-1fc2-4461-8b5a-9e71a7880bbbAygün PAŞAYEVA,
“Dünya” qəzetinin baş redaktorunun müavini.

-Aygün xanım, bu gün ki, qurultayla bağlı təsüratlarınızı bizimlə bölüşərdiniz.
Bu gün eyni soydan olmaqla ayrı-ayrı respublikalarda yaşayan insanlar bir araya gəliblər. Bu da vahid bir amal ətrafında birləşmək və babalarımızın bir estafet kimi bizlərə ərməğan etdiyi böyük ideyaları reallaşdırmaq üçün mühüm vasitədir.

Bununla belə, bu qurultay eyni taleyi bölüşən parçalanmış və sərhədlərdən kənara səpələnmiş türk xalqlarının birləşməsini zəruri edir.

Hazırda dünya miqyasında xalqların, millətlərin milli kimlik axtarışları güclənməkdədir. Bu xalqların təbii istəklərindən irəli gələn məsələdir. Bununla belə qloballaşan dünyada xalqların milli kimliklərinə bağlı olması, öz milli dəyərlərinə sahib çıxması, onu qoruyaraq bütün dünyaya bəyan etməsi zamanın ən vacib tələbidir. Minilliklərin çətin süzgəcindən keçərək özünün qədim və zəngin mədəniyyəti, şərəfli keçmişi olan türk xalqlarının bu prosesə qoşularaq sıx birləşməsi olduqca vacibdir. Bu, bir düşüncə və şüur məsələsidir.

-Bu qurultayla bağlı hər-hansı bir iradınız varmı?

Bəli, bu işdə türk fikir sahiblərinin və aydınlarının üzərinə böyük iş düşür. Çox təəssüf ki, bu qurultayda türk dövlətlərində tanınmış görkəmli tarixçilərimizə, elm xadimlərimizə çixiş etmək imkanı yaradılmadı…Halbuki, bu gün güneyli-quzeyli Azərbaycan, Borçalı, Türkiyə və Qazaxıstanda yaşayan Qarapapaq türklərinin bir araya gəlməsi də yuxarıda qeyd kimi etdiyim böyük bir hərəkatın tərkib hissəsidir. Bütün türk xalqlarının bu prosesə qoşularaq ona dəstək verməsi qarşılıqlı inteqrasiyası olduqca vacibdir. Bu prosesin daha da güclənməsi, gələcəyimizin daha parlaq və aydın olmasının əsas qarantıdır.

-Aygün xanım, ümud edək ki, xoş məramlı qurultayın tamamı yox, davamı olacaqdır. Son olaraq təklifiniz nə olardı ?

İnanıram ki, bu qurultay yeni əməkdaşlıq forması kimi bizim gələcək münasibətlərimizin qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün yeni bir mərhələ olacaq. Bütün bu əlaqələr təkcə mədəni sahədə deyil, ictimai həyatın bütün sferalarında bir-birimizə dəstək olmağımız üçün bizə böyük stimul verəcək.

Mən, arzu edirəm və inanıram ki, bütün dünyada yaşayan türk xalqlarını bir araya gətirəcək növbəti qurultay “Böyük Turan“ qurultayı olacaq.

Söhbətləşdi Mətanət Həmid qızı