!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkan TURAN: İt kimi darıxmaq…

!Reklam – Yazi

10277694_866002166748462_6638803491672281624_nDodağında, dilində iz axtardın heç?

Cavabsız suallar, təsdiqsiz şübhələr içini parçalayıb, dağıtdı?

Ani qərar verib, silib ataraq, illərlə acısını çəkdiyin, acının üstünə getdin? Bəs neçə dəfə dünyaya sığmadın, günəşinə zülmət kimi qaranlıq çökdü?

Onu həyatından tamamilə çıxartmaq məcburiyyətində qaldın?

Sanki ölmüş, əlini uzatsan tutmayacaq kimi, hər an qapıdan içəri, gülümsəyərək girəcəyini gözləyib, ama əslində heç vaxt gəlməyəcəyinə əmin oldun, heç?

Sanki torpağın altıdaymış kimi əlçatmaz olduğunu bilmək, onu bu qədər sevərkən yanında olmaması nə qədər çətindir, elə deyil?

Darıxmaq… İt kimi darıxmaq.. Ətin sümükdə əriməsi qədər darıxmaq, sarsıdıcıdır, elə deyil?

Sevdiyini, sevişmələri, bədənini, öpüşlərini, həraritini unutmaq istəyib, unuda bilməmək çətindir, hə?

Bəzən dərbədər olmaq, axtarışa çıxmaq…İzdiham içində, minlərlə insanın üzündə onu axtarmaq, bəlkə indi arxamdan gələn insanlardan biridir deyib, o izdihamın içində dəli kimi dövrə vurmaq, bəlkə bu an, bu küçənin kənarındakı binaların hansınınsa pəncərəsindən baxır düşüncəsi ilə, tək-tək, bütün binanı başdan ayağa gözdən keçirmək dəhşəti yaşadın?

Bir kino zalına təkbaşına gedib, təsirli bir filmi, iki nəfər yerinə seyr etdin?

Duyğulu bir mahnı eşitdiyində, gözünün yaşı içinə axdığı vaxtda ağlına gəldi?

Hansısa gözəllik görəndə, vitrinlərə baxanda, kitab oxuyanda, ən gözəl anların ləzzətində, onsuzluğun əskiklik olduğunu, neçə dəfə hiss etdin?

Yağış yağanda “sevgi yağır” dediyini xatırlayıb, dəli kimi küçələrə düşüb, dizlərini yerə ataraq, hönkürüb, yağışa qarışdığın oldu heç?

Yeni bir restoran kəşf etdiyində, yeni dadlar önünə gələndə, içindən, onun yanında olmaq istəyi keçdi heç?

Bir barın izdihamında yaralı və yalnız bədəninlə dəli kimi rəqs etdin?

Bəs sənə həyatın ən böyük yoxluğunu yaşadana necə, nifrət bəslədiyin oldu heç?

Gözünün içinə baxa-baxa, əlini qolunu kəsən bir insanın üzünə, sevgi ilə baxa bildin? Məsələn: heç nə olmamış kimi….

İçində ağlayan səsə, ümid mahnıları, sevgi sözləri, təsəllilər verdin heç?

Gücünün, o Allahlıq gücünün, ağlayan səsini susdurmayacaq qədər zəif olduğuna, neçə dəfə şahid oldun?

Neçə gecə içib, sürünərək evə yollandın?

Neçə dəfə başını yastığa qoyub, onu düşünmədən, göz yaşının yastığı islatmayacaq qədər dərhal yuxuya getdiyin gün oldu?

Neçə dəfə aynanı unudub, sadəcə təsadüf nəticəsində özünlə göz-gözə gəlib, öz halına ağladığın oldu? Elə həmin aynada, üzünün də ruhum kimi, sadəcə yarısını gördüyün oldu heç?

Neçə dəfə Allaha üsyan edərək, intiharı düşünüb, bu lənətə gəlmiş dünyadan qaçıb canını qurtarmaq istədin?

Neçə gecə iki nəfərlik olan, o bumbuz yatağa təkbaşına girib, özün-özünü isitmək məcburiyyətində qaldın?

Şəhvətdən imtina edib, hislərinə qalib gəldin, yoxsa ehtirasının köləsi olub, əmrinə müntəzir oldun?

Gecələrin harda başladığını, səhərlərin harda açıldığını, bəzən hər kəsin başına toplandığını, bəzən bir bomjdan fərqsiz olduğuna şahid oldun heç?

Milyonların içində təkbaşına qalıb, bu boyda dünyada kimsəsiz, dəvaların içində çarəsiz olduğunu necə, gördün?

Ya da hər şeyin var olduğu halda, uğurların saysız, xoşbəxtliyin bol olduğu vaxtlarda, nəyininsə yarımçıq, əskik, boş qaldığına şahid oldun?

Bir dəfə şükür edib, rahat yatağına uzananda, səhərə qədər gözünü açmadan, heç oyanmadan yatıb, erkəndən oyanıb əlini sağ tərəfə atıb, barmaqlarının nəhəng bir boşluğa düşdüyünü gördün heç?

Tək-tənha oturub, saatlarla düşünüb, həmin an onun qarşında olması üçün bir möcüzə diləyib, bu baş vermədiyi halda dayanmadan içib, ətrafı qırıb-dağıdaraq, stolu tərs çevirdiyin oldu?

Bir pors yeməyi, bir nəfərlik bileti, bir nəfərlik masanı, bir nəfərlik çarpayını iki nəfər əvəzinə, neçə dəfə istifadə etdin?

Özünə müharibə elan edib, ortalığı qan çanğına döndərib, həyatını alt üst edib, sonra bir gün bu muharibənin bitəcəyini, qalibin özün olacağına, sonda elə öz müharibənə özünün təslim olduğu anları neçə dəfə yaşadın?

Elə oldu ki, onun hansısa ölkədə olduğunu öyrənib, əqrəblərini məhz həmin ölkənin saatına uyğunlaşdırdın? Məsələn: neçədə yatdı, neçədə oyandı, neçədə nahar, şam yeməklərini yedi, deyə…

Neçə dəfə kaş dedin? Sən, heç vaxt etdiklərin üçün peşman olmayan sən! Neçə dəfə peşman oldun? İçindəki o məsumiyyəti nə vaxt itirdin?

Xatirələr yaxana yapışıb, neçə dəfə təhdid və şantaja məruz qoydu səni?

Heç şəhərini tərk edib, bilmədiyin yerə gedib, orada məqsədsiz olaraq, hər şeydən və hər kəsdən əlini üzərək həyatını yaşadın?

Elə oldu ki, önünə ölkələrin siyahısını qoyub, içindən birini seçib, tək tərəfli bilet alıb çıxıb getmək fikrinə düşəsən?

Səhərlər həyəcandan doğan, qarnın sancısı ilə, ayağa qalxa bilməyərək, gözünü tavana zilləyib, hər sancıda, davada qəfil qarın boşluğundan zərbə almış kimi, şiddətli ağrılara məruz qaldın?

Heç sənə zaman hər şeyi həll edər dedilər? Yaxşı bəs zaman gözünün bəbəklərinə ilişib qalıbsa əgər?

İçindəki orqanların kədərdən, sanki partlayıb çölə çıxmaq istəməsi halını neçə dəfə izlədin?

…..Sevgili, bax, bütün suallarımın bir cavabı var! Sənsizlik! Şəhərində fırtınaya məruz qalmış ağac kimiyəm: qanadı qırıq, yarpağı yerlərdə sürünən…. İndi gülməklə ağlamaq arasında monoton bir həyat girdabındayam. Sənsizlik üstümə ölü torpağı kimi səpilib. Üst-başıma sənsizlik hopub. Yoxluğun baş alıb gedir! Ağırdır! Çox ağırdır!

www.yenicag.az

4284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv