“Türkçülük yolunda” sənədli filminin təqdimatı keçirildi: 3 May Türklük Şöləni – FOTOLAR/VİDEO

Mayın 3-də Nizami Kino Mərkəzində Azərbaycan-Türk Qadınlar Birliyinin yaradılmasının 27-ci ildönümü münasibətilə ərsəyə gətirilmiş “Türkçülük yolunda” sənədli filminin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, filmin təqdimat mərasiminə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkilləri Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Naqif Həmzə, Vüqar İsgəndərli, Azərbaycan-Türk Qadınlar Birliyinin (ATQB) və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin Qazi Universitetinin professoru Çetin Elmas, türk aktyor Cem Uçan, jurnalistlər və ictimaiyyət nümayəndələri qatılıblar.

Açılış nitqi söyləyən ATQB sədri Tənzilə Rüstəmxanlı tədbirdə iştirak edənləri salamlayaraq 3 may tarixinin önəminə diqqət çəkib. ATQB sədri Türkçülük Günündə bütün türkçülərin bir araya toplanmalarından duyduğu məmnuniyyəti dilə gətirərək sözügedən filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. Tənzilə Rüstəmxanlı bildirib ki, vaxtilə bu yola baş qoyduqlarında qarşılarına çox böyük əngəllər çıxıb, önlərini kəsməyə cəhdlər edilib, lakin onlar bu yoldan dönməyiblər.

“Biz bu yola çıxarkən türk dünyası qadınları arasında əlaqələri gücləndirməyi və yüksək səviyyəyə çatdırmağı qarşımıza məqsəd qoymuşduq. Tam əminliklə söyləyə bilərəm ki, keçən iyirmi yeddi ildə məqsədimizə çatdıq və Azərbaycan-Türkiyə qadınları başda olmaqla, türk dünyası xanımları arasında körpü rolunu oynadıq, keçirdiyimiz tədbirlərlə bu əlaqələri möhkəmləndirməyi bacardıq. Önümüzə çox əngəllər çıxdı, qabağımızı çox kəsməyə çalışdılar, türkçülüyü özlərinə qarşı təhdid görənlər fəaliyyətimizi baltalamaq istədilər. Lakin biz bütün əngəlləri aşdıq. Dünən bizə bu əngəlləri yaşadanlar bu gün türkçülükdən danışırlar. Bu, günün reallığıdır”, – deyə T.Rüstəmxanlı qeyd edib.

ATQB sədri tədbirin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirildiyini diqqətə çatdırıb, həmçinin “Şöhrət” ordeni ilə təltif olunduğunu xatırladaraq ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir daha təşəkkür edib.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli çıxışında Türk Dövlətləri Təşkilatına gətirib çıxaran siyasi gedişlərdən danışıb, Azərbaycan-Türk Qadınlar Birliyi kimi təşkilatların türk dünyası arasındakı münasibətlərin bugünkü səviyyəyə çatdırılmasında önəmli rol oynadığını qeyd edib.

Səfir Cahid Bağçı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı durumu haqqında çıxış edərək qardaşlıq əlaqələrinin hər iki ölkənin liderlərinin səyləri nəticəsində tarixi səviyyəyə yüksəldiyini vurğulayıb. Tənzilə Rüstəmxanlı timsalında Türkiyə-Azərbaycan əlaqələrinin mövcud duruma gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirərək ATQB-nin gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında Ümumilli lider Heydər Əliyevin Türkiyə ilə əlaqələrin sağlamlaşdırılmasında əvəzolunmaz fəaliyyətindən danışıb, bu münasibətlərin daha da gücləndirilməsində QHT-lərin rolu haqqında fikirlərini söyləyib.

Digər çıxışçılar da türk dünyası arasında birliyin qurulmasından danışıb, bunun üçün görüləcək işlərdən bəhs edərək Tənzilə Rüstəmxanlı kimi əzmkar xanımlarımız sayəsində millətlərarası münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıblar.

Son olaraq çıxış edən millət vəkili Sabir Rüstəmxanlı türkçülüyün təbliğ olunmasında Tənzilə Rüstəmxanlının yorulmaz fəaliyyəti haqqında danışıb, onun çəkdiyi zəhmətlərin, keçirdiyi gərginliklərin birbaşa şahidi olduğunu deyib. S.Rüstəmxanlı ATQB-nin keçirdiyi tədbirlərdən söz açaraq Azərbaycanın üzləşdiyi ədalətsizliklərin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlər barədə fikirlərini bölüşüb. Millət vəkili qeyd edib ki, hər il Türkiyədə keçirilən “Xocalı həftəsi”nin ilk təşəbbüskarı Azərbaycan-Türk Qadınlar Birliyi olub. O, Nuru Paşa ilə bağlı ilk konfransın, türk dünyası ilə bağlı mühüm tədbirlərin, elmi müzakirələrin, Kərkük, Təbriz gecələrinin keçirilməsinin ATQB-nin adı ilə bağlı olduğunu vurğulayıb.

Tədbir “Türkçülük yolunda” filminin nümayişi ilə davam edib.

COP29