“Türkiyə 35 min hərbçi ilə Suriyada yeni əməliyyata hazırlaşırsa, deməli…” – ŞƏRH

“Fikrimcə, bu əməliyyatların gedişində Türkiyə ilə Qərb koalisiyası və ya Rusiya arasında gərginlik yaranmayacaq”.

Bu fikirləri Türkiyənin PKK terrorçularına qarşı Suriyanın şimalında 35 minlik hərbi kontingentin iştirakı ilə hazırlaşdığı əməliyyatların ABŞ və Rusiya ilə gərginliyə səbəb olub-olmayacağını dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Polkovnikin sözlərinə görə, nəzərdə tutulan əməliyyatların Türkiyə ilə ABŞ və Rusiya arasında toqquşmalara səbəb olacağı ehtimalı aşağıdır:

“Türkiyə elə bir dövlətdir ki, 35 min hərbçi ilə ən müasir silah və hərbi texnika cəlb edəcəyi əməliyyatın bütün detallarını, mümkün risklərini mütləq nəzərə alır. O baxımdan, hesab edirəm ki, Türkiyə Suriyanın şimalında keçirməyi nəzərdə tutduğu hərbi əməliyyatla bağlı ABŞ və Rusiyanı məlumatlandırıb.

Digər tərəfdən, Türkiyənin keçirəcəyi əməliyyatların hədəfi bəllidir. Elan olunduğu kimi, Türkiyə bu əməliyyatla Suriyanın şimalında fəallaşmağa cəhd göstərən terrorçu qrupları zərərsizləşdirməyi qarşısına məqsəd qoyub.

Mənə belə gəlir ki, bu əməliyyat böyük mənada razılaşdırıldığı üçün Türkiyənin həmin ölkələrlə hər hansı ciddi anlaşılmazlığı yaranmayacaq. Doğrudur, əməliyyatın gedişində müəyyən lokal insidentlər baş verə bilər, amma bu, Türkiyənin ABŞ başda olmaqla Qərb koalisiyası və Rusiya ilə münasibətlərinə kəskin təsir göstərməyəcək”.

A.Zeynalov