!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Almaniya gərginliyi: “Ərdoğanın çağırışı cavabsız qalmayacaq” – İDDİA  

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyadakı türklərə seçkiləri boykot etmək çağırışı iki ölkə arasındakı gərginliyi son həddə çatdırıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan ötən cümə günü İstanbulda jurnalistlərlə görüşündə Almaniya hökumətini sərt tənqid edərək, həmin ölkədə yaşayan seçki hüququna malik türkləri sentyabrın 24-də keçiriləcək parlament seçkilərində ənənəvi partiyaları dəstəkləməməyə çağırıb.

Ərdoğan çağırışını daha da konkretləşdirərək, Almaniya türklərinin Türkiyəyə düşmən münasibət bəsləyən Xristian -Demokrat, Sosial-Demokrat və Yaşıllar partiyalarına səs verməmələrini istəyib.

Türkiyə prezidentinin bu çağırışı Berlində kəskin narazılıqla qarşılanıb və onun bu davranışı Almaniyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilib. Ərdoğanın sözlərinə sərt reaksiya verən Almaniya kansleri Angela Merkel belə hərəkətlərin yolverilməz olduğunu bəyan edib.

Eyni zamanda, çox sayda türkün yaşadığı Avstriya da Ərdoğanın məlum çağırışından narahatlığını ifadə edərək, bu məsələdə Almaniya ilə həmrəyliyini bildirib.

Qeyd edək ki, Almaniyada yaşayan 4 milyon türkün təqribən 720 min nəfəri seçki hüququna malikdir. Onların səsləri seçkilərdə həlledici amil olmasa da, türklərin Ərdoğanın çağırışına əməl etmələri partiyaların Bundestaqdakı say tərkibinə mütləq təsir göstərəcək. Bu mənada rəsmi Berlinin, ilk növbədə isə hakim Xristian-Demokrat partiyasının narahatlığı başa düşüləndir.

Məsələyə daha geniş kontekstdə baxdıqda isə əsas diqqət Türkiyə-Almaniya münasibətlərinin gələcəyinə yönəlir. Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra qiyamçılara qucaq açan, eyni zamanda, terrorçu PKK-ya geniş meydan verən Almaniya hökuməti bu siyasəti ilə qarşılıqlı münasibətləri qarşıdurma müstəvisinə keçirib.

Sözügedən ölkələr arasında yaranmış ziddiyyətlərin müəyyən vaxtdan sonra aradan qalxacağı barədə proqnozlar özünü doğrultmur. Merkelin bir müddət əvvəl Türkiyəyə səfəri çərçivəsində aparılan detallı müzakirələr də münasibətlərin normallaşmasına zəmin yaratmadı.

Ərdoğanın son çağırışı isə problemlərin yoluna qoyulacağına dair nikbin gözləntiləri puça çıxartdı. Bu isə o deməkdir ki, ciddi tarixi münasibətləri olmuş Almaniya ilə Türkiyə arasında gərginlik daha təhlükəli fazaya keçə bilər.

Bu barədə Yenicag.az-a danışan politoloq Əlabbas Məhərrəmovun fikrincə, həm Türkiyə, həm də Almaniya mövcud şəraitdə əllərindəki bütün “kozır”lardan istifadə etməyə meyillidirlər:

“Bu münasibətlərin gərginləşməsinə görə Türkiyəni qınamaq qətiyyən doğru deyil. Tarixə nəzər salsaq, Ankara Berlinlə münasibətlərə hər zaman böyük əhəmiyyət verib. Almaniya-Türkiyə münasibətlərinin gərginləşməsinə Qərbin Türkiyəyə qarşı təzyiqləri maksimum gücləndirməsi kontekstindən yanaşmaq lazımdır.

Ərdoğanın müstəqil siyasət yürütməsi, ölkəsinin regional və qlobal proseslərdə mövqeyini gücləndirmək yönündə ardıcıl fəaliyyəti Qərbi əsla qane etmir. Məsələnin kökü burdadır. Müəyyən təxribat xarakterli planlarla Türkiyəni daxildən sarsıtmaq mümkün olmadıqda, 15 iyul çevriliş cəhdinə baş vurdular. Bu da alınmayanda, Qərb Türkiyəyə qeyri-rəsmi müharibə elan etdi.

Konkret Almaniyaya gəldikdə, ABŞ-ın Avropa “teatrında” Türkiyəyə qarşı planlarını əsasən, bu ölkə həyata keçirir. Almaniyanın Türkiyə əleyhinə hətta diplomatik etiketlərdən kənara çıxan davranışlarının qarşılığı təbii ki, veriləcəkdi. O baxımdan, Türkiyənin Almaniyaya yönələn addımları daha çox cavab xarakterlidir.

Rəsmi Berlin Ərdoğanın Almaniyadakı türklərə ünvanladığı çağırışı öz daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Əslində, FETÖ-çulara sığınacaq verilməsi, onların geri qaytarılmasından qətiyyətlə imtina olunması, PKK-nın aksiyalarına şərait yaradılması təkcə Türkiyənin daxili işlərinə müdaxilə deyil, həm də nümayişkaranə bir təhdid idi.

Bütün bunların qarşılığında Ərdoğanın Almaniyadakı türklərə əsas partiyalara səs verməmək çağırışı necə qiymətləndirilməsindən asılı olmayaraq, adekvat cavab kimi qiymətləndirilir. Yəni sən bizim daxili işimizə qarışırsansa, bunun qarşılığını görəcəksən. Nəticəyə gəldikdə isə türklərin mental özəllikləri belə deməyə əsas verir ki, Ərdoğanın çağırışı nəticəsiz qalmayacaq.

Ancaq bütün hallarda çox arzuediləndir ki, bu ölkələr arasında münasibətlər normallaşsın. Almaniya ilə Türkiyənin ən yaxın müttəfiqə çevrildikləri dövrlər olub. Elə indinin özündə də əlaqələr, bağlar xeyli güclüdür. Onların qopmasına imkan vermək düzgün olmazdı. Bu məsələ isə tək Türkiyədən yox, həm də onu təhrik edən Almaniyadan, Qərbdən asılıdır”.

A. Zeynalov
Yenicag.az

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv