Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə-Almaniya gərginliyində yeni dalğa: Berlin 15 iyul qiyamçılarına siyasi sığınacaq verdi

Türkiyədə 2016-cı il 15 iyul çevriliş cəhdində iştirak etmiş bir qrup hərbçiyə Almaniyada siyasi sığınacaq verilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul çevriliş çəhdinin iştirakçıları olan diplomatik pasporta malik hərbçilərin Almaniyadan siyasi sığınacaq almaq xahişi bu ölkənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təmin edilib.

Məlumata görə, Türkiyəli hərbçilər 15 iyul çevriliş cəhdinin baş tutmamasından həmən sonra siyasi sığınacaq xahişi ilə Almaniyaya müraciət ediblər.

Qeyd olunur ki, Almaniyanın Türkiyəli hərbçilərin siyasi sığınacaq xahişini təmin etməsi Ankara-Berlin münasibətlərindəki gərginliyi daha da artıracaq.

Bu barədə yanvarda açıqlama verən Türkiyənin daxili işlər naziri Fikri İşık açıq mətnlə bildirmişdi ki, Almaniya siyasi sığınacaq üçün müraciət edən qiyamçıların xahişini rədd etməlidir.

“Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, 2016-cı ilin iyulundan sonra Almaniyadan siyasi sığınacaq istəyən türkiyəli hərbçi, diplomat, hakim və məmurların ümumi sayı 414 nəfərdir. Buraya onların ailə üzvləri də daxildir.

ABŞ və Avropanın aparıcı dövlətlərinin Türkiyədə aprelin 16-da keçirilmiş Konstitusiya referendumunun nəticələrini tanımasından sonra “köhnə dünya”nın Ankara ilə münasibətlərində müəyyən yumşalmaya gedəcəyi gözlənilirdi. Lakin Avropa İttifaqının (Aİ) əsas dayaqlarından biri olan Almaniyanın Türkiyədə “Vətən xaini” elan edilmiş qiyamçılara siyasi sığınacaq verməsi Berlin-Ankara münasibətlərindəki mümkün normallaşmanı sual altına salıb.

Bu məsələni Yeniçağ.Az-a şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, Almaniyanın türkiyəli qiyamçılara siyasi sığınacaq verməsi qarşılıqlı münasibətlərə köklü təsir göstərməyəcək:

“Mənim qənaətim bundan ibarətdir ki, Almaniyanın Türkiyədə hərbi çevriliş cəhdində iştirak etmiş bir qrup şəxsə siyasi sığınacaq verməsinin Almaniya-Türkiyə münasibətlərinə sarsıdıcı təsiri olmayacaq.

Mən bunu ilk növbədə Türkiyə-Almaniya münasibətlərinin tarixi ilə əlaqələndirirəm. Doğrudur, son dövrlərdə hər iki ölkə bir-birini iynələyən bəyanatlar verirlər. Ancaq bununla belə, tərəflər aradakı gərginliyi münasibətləri kəsmək və ya dondurmaq səviyyəsinə qaldırmayacaqlar.

Almaniyanın qiyamçılara siyasi sığınacaq verməsi haradasa, Türkiyəyə təzyiq xarakteri daşıyır. Bilirsiniz ki, Qərbin Türkiyəyə qarşı bir sıra tələbləri var və bu addıma da o kontekstdə baxmaq lazımdır. Düşünürəm ki, belə qərarlar Almaniya və Türkiyə arasında müəyyən tarixə malik strateji münasibətləri dəyişməyəcək. Yəni bu ölkələrin bütün sahələri əhatə edən əlaqələri öz yolu ilə davam edəcək”.

Politoloq bu fikirdədir ki, Almaniyanın bu qərarı Avropa İttifaqının (Aİ) Türkiyəyə münasibətinin göstəricisi də sayıla bilər:

“Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində növbəti mərhələyə başlanmayacağı təqdirdə, danışıqları tamamilə dayandırmaqla bağlı hədə-qorxu gəlməsi mənə gülməli görünür. Avropa bütün davranışları ilə Türkiyəyə açıq və ya qapalı şəkildə bildirir ki, səni öz aramızda görmək istəmirik. Onlar bu yanaşmada haqlıdırlar, ya haqlı deyillər, o başqa məsələdir. Türkiyə də bu reallığı düzgün qiymətləndirməlidir”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

474