Türkiyə amili HƏMAS-ın yeni doktrina elan etməsinə öz təsirini göstərib – POLİTOLOQ

Xəbər verildiyi kimi Fələstinin HƏMAS təşkilatı özünün yeni doktrinasını elan edib. Yeni doktrinada da HƏMAS İsrailin mövcudluğunu tanımır. Bununla belə, Təl-Əvivə qarşı silahlı mübarizədən də imtina etdiyini bəyan edib. Doktrinada həmçinin, Qəzza sektoru və Şərqi Qüdsdən ibarət 1967-ci il sərhədləri çərçivəsində vahid Fələstin dövlətinin yaradılması istənilir.

Görəsən, HƏMAS-ın elan etdiyi yeni doktrina bölgədə cərəyan edən proseslərə nə kimi təsir göstərəcək? Bu doktrinanın reallaşması fonunda nəhayət ki, İsraillə Fələstin arasında sülhə nail olmaq mümkün olacaqmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yeniçağ.az-a açıqlamasında bildirdi ki, HƏMAS-ın fəaliyyətində yeniliyin olması təşkilata Türkiyə ilə Misirin təsir imkanlarının güclü olması, əvəzində İranın təsirinin azalmasından qaynaqlanır:

“Düşünürəm ki, HƏMAS-ın belə bir qərara gəlməsinə iki amil təsir göstərib. Birinci amil ondan ibarətdir ki, öz müttəfiqləri tərəfindən HƏMAS-a güclü beynəlxalq təzyiqlər var idi. Bu təzyiqlər də Türkiyə və Misir tərəfindən edilirdi. İkinci bir tərəfdən, artıq HƏMAS özü də anlayır ki, bu cür şəraitdə istəyinə nail ola bilməyəcək. İsraili tanımamaq və onunla əbədi müharibə aparmaqla problem həllini tapmayacaq. Əksinə, fələstinlilər arasında itkilərin sayı daha da çoxalacaq. Ona görə son olaraq HƏMAS da Fələstin Azadlıq Təşkilatının taktikasını seçməli oldu. Yəni onlar İsraili və 1967-ci ildə mövcud olan sərhədləri tanıyaraq, Təl-Əvivin təzyiqindən yaxa qurtarmağa çalışırlar. Yəqin ki, məhz bu iki amili nəzərdə tutaraq HƏMAS sözügedən addımı atıb. Həmçinin, son illər HƏMAS üzərində Türkiyə ilə Misirin təsir imkanları artıb. İranın isə təsir imkanları azalıb. Ola bilsin bu amilin özü də HƏMAS-ın yeni doktrina ilə çıxış etməsinə öz təsirini göstərib.

Lakin bu o demək deyil ki, regionda mövcud olan problem sülh yolu ilə həll olunacaq və danışıqlarda irəliləyiş olacaq. İsrailin HƏMAS-ın həmin mövqeyinə münasibəti hələlik müsbət deyil. Onların düşüncəsinə görə, HƏMAS oyun oynayır və əslində gərginliyi saxlamaqda maraqlıdırlar. HƏMAS elan etdiyi prinsiplərə real olaraq əməl etsə, sözsüz ki, danışıqlarda irəliləyiş, habelə İsraillə müəyyən anlaşma əldə etmək də mümkündür. Yox əgər həmin mesaj sadəcə beynəlxalq aləm üçün nəzərdə tutulubsa, prosesdə irəliləyişin olacağını zənn etmirəm”.

ELÇİN
Yeniçağ.Az

COP29