Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində olub.
Yenicag.az xəbər verir ki, qonaqlar öncə ayrı-ayrı siniflərə baş çəkib, liseydə yaradılan şəraitlə maraqlanıblar. Sonra liseyin rəhbərliyi ilə görüş olub. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, səfirliyin təhsil müşaviri Mahmut Ağırmanın və səfirliyin digər təmsilçilərinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin dekanı, professor Hayati Beşirlinin də iştirak etdiyi görüşdə liseyin direktoru Eylem Gültəkin rəhbərlik etdiyi təhsil ocağının yaranma tarixi, fəaliyyəti və uğurları barədə ətraflı məlumat verib. Bildirib ki, TDAV təsisçisi, mərhum Turan Yazqan tərəfindən yaradılan bu lisey hər zaman məhz “Bir millət, iki dövlət” fəlsəfəsinə xidmət edən, bacarıqlı, dövlətini sevən və türk dünyasının inkişafına xidmət amalı ilə böyüyən gənclik yetişdirib. Hazırda liseydə təhsil almaq istəyənlərin sayı çoxdur, lakin məktəbin indiki binası buna imkan vermir. Liseyin rəhbəri qonaqlardan Bakı Atatürk Liseyinə yeni binanın ayrılması və digər məsələlərdə yardımçı olmalarını xahiş edib.
Professor Hayati Beşirli isə Türk Dünyası Araşdırmaları Vəqfinin təhsilə verdiyi önəm barədə danışıb, istər liseyin, istərsə də fakültənin hər hansı maddi maraq güdmədən, iki qardaş ölkə üçün daha bacarıqlı gənclər yetişdirmək istiqamətində fəaliyyət göstərdiyini bildirib. Türkiyəli qonaqların bu liseyə gəlməsini yüksək qiymətləndirən dekan “Bakı Atatürk Liseyinin fəaliyyət göstərdiyi 27 il ərzində öz saflığını qoruduğunu vurğulayıb.
Görüşdə çıxış edən Şamil Ayrım növbəti dəfə Azərbaycana gəlməyindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Nümayəndə heyətinin rəhbəri qardaş ölkələrimiz arasında əlaqələrin bu gün bütün sahələrdə, o cümlədən təhsil sahəsində ən yüksək səviyyədə olduğunu deyib. Şamil Ayrım, eyni zamanda, görüşdə iştirak edən nümayəndə heyətinin üzvlərinin Türkiyəyə qayıtdıqdan sonra Turan Yazqanın yadigarı olan Bakı Atatürk Liseyinə lazım olan dəstəyin göstərilməsi üçün müəyyən addımlar atacağını da bildirib.
Qarşılıqlı dialoq şəraitində davam edən görüşün sonunda nümayəndə heyətinin rəhbəri liseyin direktoruna xatirə hədiyyələri təqdim edib./AZƏRTAC/