!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Azərbaycan qardaşlığı: İşğala belə son qoyulub - İnanılmaz FAKTLAR

!Reklam – Yazi

1918-ci ildə Qubaya, Alpana türk əsgər və zabitləri 3 dəfə gələrək xalqın erməni-bolşevik basqınlarına qarşı müdafiəsində və başqa problemlərinin aradan qaldırılmasında yaxından iştirak ediblər. İlk dəfə 1917-ci ilin oktyabrında Azərbaycanda, Dağıstanda vəziyyəti öyrənmək üçün göndərilən 3 türk zabitindən sonra, Birinci dünya müharibəsi illərindəki 1914/16-cı il Rus-Türk müharibələri zamanı əsir düşmüş və Sibirə sürgün edilmiş türk zabitlərinin (İhsan paşa, ştab rəisi Fəthi bəy və b.) düşərgələrdən qaçırılmasında mühüm rol oynamış qubalı mücahidin sayəsində Qafqaza, Qubaya gəlmiş 20-dən çox zabit və əsgər 1918-ci il mayın 18-i tarixində erməni-bolşeviklərin Quba ərazisindən qovulması əməliyatlarında yerli Milli-müqavimət qüvvələrilə birgə Qanlı dərədə və başqa məntəqələrdə döyüşmüşlər.

Bu barədə, AXC-nin “Əksinqilabla mübarizə təşkilatı”nın rəisi Nağı bəy Şeyxzamanlının “Xatirələr”ində və t.e.d. prof. Anar İsgəndərovun məqalələrində qeyd olunmuşdur. İkinci dəfə bu ərazilərə türk əsgər və zabitlərinin gəlişi, Osmanlı Türkiyəsinin Azərbaycan Xalq Cumhuriyyətilə 4 iyun, Dağlılar Respublikası ilə 8 iyun Batum müqavilələrinin hərbi yardımlaşma bəndinə əsasən polkovnik Əli bəyin komandanlığı altında göndərilmiş hərbi hissə Zaqataladan keçməklə Dağıstana və bir müddət sonra (iyulun axırında) albay Əhməd Şükrü bəyin komandanlığı altında Qubaya gəlib yaşayış məntəqələrini bolşeviklərdən təmizləyib hakimiyyəti ələ aldığı zaman olmuşdu. İyul ayının 31-dən Quba qəza mərkəzində kapitan Əhməd əfəndi Trinçin komendantı olduğu müvəqqəti idarəetmə rejimi – böyük kəndlərdə hərbi nümayəndəliklər qurmuşdular. 3-cü dəfə isə öncə sentyabrın ilk günlərində Şamaxıdan Xaltan yolu ilə dağları aşaraq kəşfiyyat məqsədilə, Sibirdəki əsir düşərgəsindən qaçan yüzbaşı Həsən Bəsri bəyin başçılığı altında göndərilmiş bir dəstə gəlir, Nuru Paşa “Qafqaz Türk-İslam Ordusu” ilə Bakını 15 sentyabrda işğaldan azad etdikdən bir həftə sonra albay Süleyman İzzət bəyin komandanı olduğu 15-ci dviziya Şimali Qafqaza hərəkət edərək sentyabrın 29-u Quba -Xaçmazı və oktyabrın 4-ü Samuru keçərək Dərbəndi azad etməyə getmişdi. Polkovnik Nazım əfəndinin tabeçiliyindəki 1-ci süvari alayı isə noyabr ayının 9-nadək Quba qəzasında dövlət idarələrinin mühafizə olunmasını, Parlament seçkilərinin keçirilməsi üçün asayişin qorunmasını təşkil etmişdilər.

Türkiyədən hərbi yardım alaraq bölgədəki milli-azadlıq hərəkatının dəstəklənməsi üçün 3 nəfərlik Dağıstan nümayəndə heyəti hələ 1918-ci ilin aprelində Trabzon və İstanbulda hərbi nazir Ənvər paşa və Osmanlı dövlətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşmüşdülər. Yeddi ay ərzində Azərbaycan və Dağıstanda ümumən 4 minə yaxın hərbçisini şəhid vermiş Osmanlı Türkiyəsi Şimali Qafqazda Milli – müqavimət qüvvələrini təşkil edib təlim keçmək üçün əslində 1918-ci il may ayının 11-dən, yəni Şimali Qafqaz Cumhuriyyəti elan edilən gündən hazırlıq işlərinə başlamışdı. İmam Nəcməddin Qotsinskinin və Şeyx Şamilin nəvəsi Seyidin yardımı ilə Bölgə əhalisindən bir piyada və bir süvari dviziyası olmaqla iki alay təşkil edilməsi nəzərdə tutulurdu. Yaradılacaq 4-cü piyada diviziyasına, 1916-cı ildə Şərq Cəbhəsində gedən döyüşlərdə ruslara əsir düşən, ancaq Rusiyadakı bolşevik inqilabı və qarışıqlıqdan yararlanaraq qaçmağa müvəffəq olan polkovnik (albay) Əhməd Şükrü bəy komandan təyin edilmişdi. Dağıstan müsəlmanlarından könüllülük əsasında qurulmaqda olan Milli orduya rəhbərlik edəcək zabit heyəti 15 iyun 1918-ci il tarixində xidmət bölgələrinə yola düşmüşdülər. Polkovnik Şövkət bəy başda olmağla Türkiyədən gələn komandirlər ilk olaraq Osmanlı-Rus müharibəsində əsir düşən türk zabit və əsgərlərini bir yerə cəmləmiş, sonra Dağıstan müsəlmanlarından 500 nəfərlik bir hərbi birlik yaratmışdılar.

Dağıstandakı türk ordu qərargah heyətinin qısa müddətdə təşkil etdiyi hərbi birliklərin Azərbaycanın şimal-şərqində yerləşən Quba – Xaçmaz bölgəsində baş verən döyüşlərdə işğalçı qüvvələrə qarşı hücumları uğurlu olmuşdu. Qubanı düşmən işğalından qurtarmaq üçün minbaşı Səbri bəyin komandanlıq etdiyi birləşmiş qüvvələr, gecə boyunca yürüş edərək Qubanın şimalındakı Qusar qəsəbəsini ələ keçirdi. Burada bir bolşevik bölüyünü əsir alıb, bununla bərabər 4 pulemyot və xeyli miqdarda sursat ələ keçirdilər. Onlar bu uğurun ardından ümumən Əli bəy Zizikskinin başçılıq etdiyi, Cağarlı Hətəmin, Həmdulla Əfəndinin, Qaçaq Mayılın, Bəybala bəy Alpanlının, Şıxlar bəylərinin yerli hərbi dəstələrilə birlikdə 3 tərəfdən Quba üzərinə yürüyərək 2 avqustda bolşevik işğalına son qoydu. Həmin qüvvələr artıq avqustun 11-də Xudat-Xaçmaz dəmir yolunu da nəzarətə götürmüşdülər. Osmanlı türk və dağıstanlı müslüman qardaşlarımızın iştirak etdiyi belə döyüşlər Digah, Alpan, İqriq və Susay kəndlərinin ərazisində də baş vermişdi…

Neman müəllim Qədirbəylinin “Subaba şəhidləri” hekayəsində deyildiyi kimi, hələ 1970-ci illərdə biz uşaq ikən böyüklərdən eşitmişdik (bəzən başqa tərəfi- Ağabba müəllimin evinin yaxınlığını da nişan verərdilər) ki, Alpan kəndində Subaba türbəsinin, yaxınlığındakı qocaman palıd ağacının su krantı (indiki Subaba bulağı) tərəfində, itməkdə olan qədimi qəbirlərin arasında şəhid türk əsgərlərin balaca daşlı, çokməmiş təzə (yəni 50-60 il öncəyə aid) məzarları var… Son 15-20 il ərzində qəbristanlıqda otçalanlar həmin ərazini təmizləyərkən kolkosla yanaşı başdaşları da yoxa çıxmışdır…

Susay kəndindəki qədim “Qərani qəbristanlığı”nda yerləşən Şəhid Türk əsgərinin məzarı əslən bu kənddən olan, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, bu mövzuda nəşr edilən 432 səhifəlik “Bir türk əsgərinin izi ilə” (2018) kitabının müəllifi, f.e.d. Aydın Səfərbəy oğlu Ələkbərov və onun həmkarı Ziyəddin Məmmədovun (əslən Qazax rayonu, Kosalar kəndindən) təşəbbüsü və maliyyə vəsaiti hesabına 2010-cu ildə bərpa edilmiş, üstünə yazılı baş daşı lövhəsi qoyulmuş və dəmir çərçivəyə alınmışdır. 2018-ci ilin yazında Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral və Quba rayon İcra Hakimiyyəti nümayəndələri abadlaşdırılaraq yenilənmiş məzarı ziyarət etmiş, üzərində inşa edilmiş mərmər baş və sinə daşının təqdimat açılışı keçirilmişdir. Baş daşında “1918-ci ildə Azərbaycanda dövlətçiliyin qurulması uğrunda gedən döyüşlərdə Şəhid olmuş Türk əsgərinin məzarı” sözləri nəqş edilib.

Hazırladı: C.Alpoğlu Albantürk

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv