Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısı İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən qərara alınıb ki, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilsin.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.