Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır.
Yenicag.az xəbər verir ki, beynəlxalq “P&O Maritime Logistics” şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsilə Orta Asiyanı birbaşa Türkiyəyə birləşdirəcək.
Yeni marşrutla daha ucuz qiymətə müntəzəm konteyner daşınması həyata keçiriləcək. Bu, Türkiyə, Rusiya və Orta Asiya bazarları arasındakı ticarət həcmini artıracaq. Birdən çox nəqliyyat gəmisindən istifadə edəcək yeni xətt əsasən sənaye maşınlarını, inşaat materiallarını, tekstil məhsullarını, kosmetika və mərmər kimi məhsulları daşıyacaq. Yeni dəniz marşrutunun açılması bu bazarlarda fəaliyyət göstərən şirkətlər üçün mühüm üstünlüyü təmin edəcək.
Qeyd edilib ki, Türkiyə, Rusiya və Orta Asiya arasında ticarətdə səmərəliliyinin artırılması üçün böyük potensial var.
Xatırladaq ki, hazırda Avropadan Asiyaya Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyət göstərir. BTQ vasitəsilə yüklər Avropadan Asiyaya və əks istiqamətdə göndərilir. Həmçinin, Çin, Orta Asiya, Xəzər Dənizi və Qara Dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini təmin etmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yaradılıb. Hazırda bu marşutun potensialından Türkiyə, Azərbaycan, Orta Asiya ölkələri və digərləri istifadə edir./Report/