“Mətbuatın, KİV-in gücünü 15 iyul hərbi çevriliş cəhdi zamanı bir daha gördük. Media o gün, hərbi çevrilişə cəhd zamanı proseslərin istiqamətini dəyişdi”.
Yenicag.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım 15 iyul hərbi çevriliş cəhdi zamanı şəhid olmuş jurnalist Mustafa Canbazın xatirəsinə həsr olunmuş “Yerli medianın həvəsləndirilməsi müsabiqəsi” ilə bağlı keçirilən tədbirdə bildirib.
B. Yıldırım deyib ki, həmin gün Türkiyə mediası çox gözəl imtahan verib: “Mən bütün fədakar media orqanlarına, jurnalistlərə minnətdarlığımı bildirirəm. Türkiyə hökuməti keçmişdə olduğu kimi bundan sonra da yerli mətbuatın inkişafı üçün lazımi addımlar atacaq. 15 iyul silahsız, tanksız, təyyarəsiz xalqın qazandığı bir qələbədir. Türkiyədə indiyə qədər də hərbi çevrilişlər olub. 15 iyulda ilk dəfə çevriliş etmək istəyənləri xalq devirdi. Haqqın, xalqın gücü tanka qalib gəldi”.
Türkiyə baş naziri nəzərə çatdırıb ki, hərbi çevriliş cəhdində iştirakla bağlı saxlanılanlar məhkəmələrdə müxtəlif oyunlar ortaya qoyurlar: “Biz səbrli olmalı, hüquqa inanmalıyıq. Sonda ədalət yerini tapacaq. Hüquq çərçivəsində hərbi çevriliş iştirakçıları cəzalarını alacaqlar”.
B. Yıldırım 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrdən Türkiyəyə 350 jurnalistin gəldiyini xatırladıb: “Xarici media mənsublarına bu gün bizimlə olduqları üçün təşəkkür edirəm. Biz bütün həqiqətləri media ilə paylaşmağa hazırıq”.