!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə benefisi: Məğlubedilməz Ərdoğan, “kilid” Baxçalı, çaşqın İncə

!Reklam – Yazi

Türkiyədə ötən gün keçirilmiş növbədənkənar prezident və parlament seçkilərinin nəticələri ətrafında müzakirələr səngimir.

24 iyun seçkilərinin nəticələrinə əsasən, Türkiyənin fəaliyyətdə olan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,55 faiz səsini qazanaraq, ilk turda qələbəsini təmin edib. Eyni zamanda, hakim Ədalət və İnkişaf Partiyası (AKP) da parlament seçkilərində rəqiblərini böyük fərqlə qabaqlayaraq, qalib gəlib.

Növbədənkənar prezident seçkilərinə inanılmaz entuziazmla qatılan Türkiyə müxalifəti ana müxalifət CHP-nin namizədi Məhərrəm İncə və yeni yaradılmış İYİ Partiyanın lideri Meral Akşənərin namizədliyi ilə ciddi siyasi alternativ görüntüsü yaratmağa nail oldu.

Bununla belə, Türkiyənin antihakimiyyət kəsiminin bütün gözləntilərinə rəğmən, nə İncə, nə də Akşənər Ərdoğan əleyhdarlarının ümidlərini doğrulda bilmədilər. 24 iyun seçkilərində Qərbin əsas mərkəzlərinin müxalifəti müxtəlif vasitələrlə stimullaşdırması da Türkiyədə hakimiyyət dəyişikliyinə yardım edə bilmədi. İncənin 30,67 faiz, Akşənərin isə 7,33 faiz səs toplaması elektoratın rəğbətinə dair aydın təsəvvür yaradır.

24 iyun seçkilərində diqqəti cəlb edən və müəyyən suallar yaradan məqam partiyaların parlament təmsilçiliyi üzrə göstərdikləri nəticədir. Gözlənildiyi kimi, parlament seçkilərində AKP Böyük Millət Məclisindəki üstünlüyünü qorusa da, 2015-ci il seçkiləri ilə müqayisədə hakim partiyanın qazandığı səslərdə ciddi azalma qeydə alınıb.

Konkret desək, 2015-ci il noyabr seçkilərində 49,4 faiz səs toplayan AKP 2018-ci il seçkilərində təqribən 7 faiz səs itirib. Eyni zamanda, 2015-ci ildə təqribən 25 faiz səs yığan ana müxalifət CHP də dünənki seçkilərdə 2,63 faiz səs itkisinə məruz qalıb. Bu mənada, 2015 və 2018-ci il seçkilərində ən az səs itkisinə məruz qalan partiya MHP-dir: 0,77 faiz. Elektoratı əsasən, kürdlərdən ibarət olan HDP-nin səsləri sabit qalıb: 11,63 faiz. Bu fonda yeni yaradılmış İYİ Partiyanın təqribən 10 faiz səs qazanaraq, barajı keçməsi qeyd olunmalıdır.

Əslində, parlament seçkilərində bu nəticələrin yaranması daha çox CHP-nin “taktiki gedişi” ilə bağlı olub. AKP-MHP ittifaqının hakimiyyətinə son qoymağa mühüm dərəcədə aludə olan CHP-nin öz tərəfdarlarının bir qismini HDP-yə səs verməyə çağırması kürd partiyasının parlamentə düşməsi ilə nəticələndi.

Ümumiyyətlə, dünənki seçkilərdə diqqət yetiriləsi məqamlardan biri də liderlərin və onlarının partiyalarının topladıqları səslər arasında ciddi fərqlərin olmasıdır. Yəni Ərdoğanın 52,55 faiz, İncəninsə 30,67 faiz topladığı halda, AKP-nin 42,5, CHP-ninsə 22,4 faiz səs yığdığı vurğulanmalıdır. Səlahəddin Dəmirdaşın topladığı 8,36 faiz səs fonunda HDP-nin 11,4 faiz qazanması isə CHP-nin yuxarıda qeyd olunan “gediş”inin məntiqi sonucudur.

Sözsüz, parlament seçkilərinin nəticələrinə baxdıqda, AKP-nin bu qədər geriləməsinin səbəblərinə nəzər salmaq lazım gəlir. Təhlilçilərin fikrincə, hakim partiyanın ciddi səs itkisi ilə üzləşməsinin əsas səbəbi namizədlərin müəyyənləşdirilməsində yol verilən yanlışlıqlardır.

Başqa sözlə, AKP-nin namizəd korpusuna daxil edilən bəzi iddialıların bu statusa uyğun gəlməməsi qələbə şansı olan bölgələrdə belə səslərin rəqib partiyalara getməsinə yol açıb. Digər tərəfdən, AKP-lilərin idarəçiliyində olan bəzi regionlarda yarıtmaz idarəçilik də səs itkisinin başlıca səbəblərindən biri sayıla bilər. Görünən budur ki, Ərdoğanın şəxsi nüfuzu və xarizması AKP üçün hələ də “xilasedici kəmər” rolunu oynayır.

Növbədənkənar prezident və parlament seçkilərində bu mənzərənin yaranmasında xüsusi təsiri olan əsas fiqur isə sözsüz ki, MHP lideri Dövlət Baxçalıdır. Baxçalının siyasi fəaliyyətindəki sabitlik, addımlarının ardıcıllığı və əlbəttə ki, müttəfiqi AKP ilə “komanda oyunu”na sadiqliyi “Cumhur ittifaqı”nın parlamentdə üstünlüyü saxlamasının əsas şərti oldu. Bu baxımdan, Baxçalının 24 iyun seçkilərinin “kilid adamı” adlandırılması yerinə düşür.

AKP-nin 42,5 faiz səs yığdığı halda, Ərdoğanın 52,55 faiz səs qazanması MHP-nin Türkiyə prezidenti və hakim partiyası üçün əhəmiyyətini dəqiq ifadə edir. Seçkilərdə MHP amilinin təsirini göstərmək üçün 2014-cü il prezident seçkilərinin nəticələrini xatırlayaq. 4 il əvvəl keçirilmiş prezident seçkilərində CHP ilə MHP-nin vahid namizədi olan Ekmeleddin İhsanoğlu 38,44 faiz səs topladı. Builki seçkilərdə isə CHP-nin namizədi Məhərrəm İncənin 30.67 faiz səs yığması “tərəzi nisbəti”ni müəyyənləşdirən əsas siyasi gücün məhz MHP olduğunu təsdiqləyir.

Bütün hallarda isə partiyaların göstərdikləri nəticələrdən asılı olmayaraq, 24 iyun seçkiləri bütövlükdə Türkiyə xalqının qələbəsi kimi qiymətləndirilməlidir. Çünki xalq bu seçkiləri Türkiyəni çökdürmək planlarının əsas mərhələsi olaraq görən xarici mərkəzlərin bütün cəhdlərini iflasa uğratdı. Bundan sonra əsas məsələ Türkiyənin irəliyə doğru “Davam!” etməsidir.

A.Zeynalov

www.yenicag.az

2239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv