Türkiyə boğazları Rusiyanın üzünə bağlayır?

cin-turkiye-yi-kandirdi_x_7755731_77“Türkiyə son hadisələr fonunda Bosfor və Dardanel boğazlarını Rusiya hərbi gəmilərinin üzünə bağlamaq kimi addıma gedə də bilər. Onun 1936-cı ilin Montre konvensiyasına əsasən belə bir hüququ da var. Amma onun buna gedəcəyinə inanmıram”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu bildirib: “Həmin razılaşmaya görə Türkiyə boğazları müharibə və ya sülh şəraitində olmasından asılı olmayaraq bağlamaq ixtiyarına malikdir. Bu onun müstəsna hüququdur. Amma bu addıma gedib-getməyəcəyi bir qədər düşündürücü sualdır. Çünki o boğazların Rusiya gəmilərinin üzünə bağlanması Moskva tərəfindən birbaşa isterik vəziyyətdə qarşılana bilər. Bir-birinin ardınca hazırda Rusiya boğazlarla bağlı isterik bəyanatlar səsləndirməkdədir. Bu fonda Türkiyə həmin boğazları bağlasa həmin addım Moskva tərəfindən çox mənfi tərzdə qarşılana və münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxarar. Belədə tərəflər arasındakı gərginlik bir diplomatik, bir-birini ittiham etmək ritorikasından irəli gedərək daha ciddi təhlükəli fəsadlara yol aça bilər. Yəni məsələ boğazların bağlanılması kimi məqama qədər gedib çıxsa bu halda Rusiyanın hansı addımlar atacağını proqnozlaşdırmaq çətindir. Belədə hər şeyi gözləmək mümkündür. Ona görə də inanmıram ki, Ankara birbaşa olaraq kəskin şəkildə boğazların tam bağlanması prosesinə getsin. Əvəzində boğazlara nəzarəti ciddiləşdirə bilər”.

ELÇİN