“Türkiyə İslam dünyasında təhlükəsizliyin zəmanətidir” – Amerikalı jurnalist

İstənilən başqa seçkilərdə kimsə 51 faiz səs toplasaydı (2,5 faizlik üstünlük), aparici media orqanları onun layiqli qələbə qazandığını yazardılar.

Lakin tanınmış nəşrlər müsəlman ölkələrinə və ərəb dünyasına münasibətdə analoji vətəndaş hüquqlarına məhəl qoymurlar. Necə deyərlər, ikili standartlar siyasəti özünü göstərir.

Yeniçağ.Az xəbər verir ki, bu fikirləri Fələstin əsilli amerikalı jurnalist, siyasi şərhçi Rey Hanani xüsusi olaraq, Arabnews.com üçün yazdığı analitik məqalədə əks etdirib:

“Dünyanın təqribən 50 müsəlman ölkəsinin liderləri arasında demokratik yolla seçilmiş azsaylı Prezidentlərdən biri olan Rəcəb Tayyib Ərdoğan onun parlament üsul-idarəsinin ləğvini və prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan referendumda qalib gəlib. Referendumun nəticələri yeni hökumət formalaşdırlmasına imkan verir və bu, öz formasına görə ABŞ-dakı sistemə bənzəyir.

Referenduma qədər Türkiyə parlamentdəki çoxluğa koalision hökumət formalaşdırmaq səlahiyyəti verən prezident tərəfindən idarə olunan parlament respublikası idi.

Ərdoğanın əleyhdarları narahat olsalar da, onun strategiyası Türkiyəni dini ekstremizmin dayağına çevrilməsinə imkan verməyəcək. Onun əsas məqsədi dünyəvi dövlətdir. Bəzi cəhətlərinə baxmayaraq, Ərdoğan regionun ən düşüncəli müsəlman liderlərindən biridir və o, İslam aləmində dünyəvi dövlətin mövcudluğuna çalışır. Ərdoğan I Dünya Müharibəsinin nəticələrinə əsasən, süqut edən Osmanlı İmperiyasından sonra Mustafa Kamal Atatürkün kursuna uyğun olaraq, demokratiyanın təkamül yolu ilə inkişafına çalışır. O, Atatürkün kursunu davam etdirərək, dünyəvi dövlətdə vətəndaşların hüquqlarına hörmətlə yanaşılan Konstitusion idarəçilik tətbiq etməklə, ölkəni dini ekstremizm təhlükəsindən qoruyur.

Referendumun nəticələrinə əsasən, Türkiyə parlamenti mahiyyətinə görə ABŞ Konqresinə bənzəyəcək: koalisiyaları çox birləşə bilməyəcək, lakin icra hakimiyyətinin (prezidentin) qərarını ləğv etmək imkanında olacaq. Türkiyədə Konstitusiya islahatları təşəbbüsü Fətullah Gülən və onun ölkənin hərbi elitasındakı adamları tərəfindən – Ərdoğan bu fikirdədir – 2016-cı il 15 iyulda baş vermiş uğursuz çevriliş cəhdindən sonra irəli sürülüb”.

Ərdoğanın son illərdə siyasi mövqeyini xeyli gücləndirdiyini vurğulayan müəllif bu uğurların Türkiyə prezidentini Qərbin hədəfinə gətirdiyini qeyd edib:

“Ərdoğan 2014-cü il seçkilərində 51,8 faiz səs qazanaraq, Türkiyənin 12-ci Prezidenti olub. Ərdoğanın Suriyada Əsədə qarşı döyüşən müxalif qruplaşmaları dəstəkləməsi onu bir sıra Qərb dövlətlərinin hədəfinə çevirib. Tənqidçiləri Ərdoğanın İŞİD-i maliyyələşdirməsi kimi iddialar irəli sürsələr də, onların bu cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Bu barədə hətta ABŞ-ın vitse-prezidenti Co Bayden belə fikir səsləndirsə də, daha sonra bu sözlərinə görə üzr istəməli olmuşdu.

İsrailin fələstinliləri soyuqqanlılıqla qətlə yetirdiyinə etiraz edən Türkiyə onun regional zorakılığı ilə üzləşir. Buna misal olaraq, Qəzza sektorunda 2010-cu ildə baş verən və Türkiyə-ABŞ vətəndaşının qətli ilə nəticələnən insidenti xatırlatmaq olar.

Ərdoğan həmçinin Qətər, Səudiyyə Ərəbistanı və İordaniya kimi sünni dövlətlərlə ittifaq qurur. Bu ölkələr dini ekstremizmin güclənməsi və İranın şiə siyasətçiləri, eyni zamanda Tehranın nəzarətində olan “Hizbullah” tərəfindən dini fanatizm ixracının artması tendensiyası ilə üzləşiblər.
Bundan başqa, Ərdoğanın yürütdüyü siyasət Qərb dövlətlərinin ərəb və müsəlman ölkələrinə münasibətdə yol verdikləri irqçiliklə də toqquşur. Ərdoğan hazırda daha çox mediada dini ekstremizm meyllərinə qarşı gərgin mübarizə aparır. O, həmçinin, kürdlərlə mübarizə apararaq, İraq və Suriyadakı kürd qruplaşmalarının birləşərək,”terror zonası” yaratmalarına mane olur.

Eyni zamanda, Ərdoğan intellektual ərəb rejimlərinin möhkəmlənməsi üçün özünəməxsus balans təklif edir. O, həm də İsrailin siyasi ekstremizminə qarşı dayanan güclü xətt kimi çıxış edir. Ərdoğan liberal ərəb rejimlərinin məhvinə çalışan İran, Suriya və “Hizbullah” ittifaqına qarşı ən güclü səsdir. Tənqidlərə baxmayaraq, Ərdoğan dini ekstremizmə qarşı mübarizədə ərəb dünyasının ən etibarlı müttəfiqidir”.

Yeniçağ.Az