Türkiyə-Ermənistan münasibətlərində yeni SİYASİ XƏTT: “Azərbaycanla da sərhədlərini aça bilər”

“Türkiyə Qarabağ və ətraf rayonlarının işğalı ilə bağlı Ermənistanla sərhədini bağlayıb. Lakin bütün bunlara baxmayaraq, Türkiyədə çoxlu sayda erməni yaşayır. Hətta indinin özündə də, erməni kilsələri var. Çünki Türkiyə demokratik bir ölkədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.

Analitik Ermənistan-Türkiyə danışıqlarının İrəvandan olan nümayəndəsi Ruben Rubinyanın sərhədlərin açılması ilə bağlı səsləndiridyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni rəsmi ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir neçə qurumunun nümayəndələri arasında görüşün baş tutduğunu bəyan edib.

M. Zülfüqarlının fikrincə, sərhədlərin açılması Qarabağ və ətraf rayonların işğaldan azad olunmasından sonra yeni bir mühit və şərait yaranacaq ki, Türkiyə də bundan maraqlıdır:

“Lakin bir məsələ var: Ermənistan əvvəlki düşmənçilik və iddialardan əl çəkməlidir. Məsələn, gerbindəki Ağrı dağının şəkli, 1915-ci ilin qondarma soyqırımı məsələsinin – hansı ki, Paşinyan bu məsələləri tamamilə fərqli şəkildə izah edir – gələcəkdə yenidən gündəmə gətirilməməsi üçün münasibətlər normallaşdıqca, Ermənistan tədricən bu iddialardan əl çəkməlidir ki, Türkiyə-Ermənistan münasibətləri düzgün inkişaf etsin. Çünki bu gün Paşinyan hakimiyyətdədir, amma sabah başqa biri gələcək. Bu baxımdan, dövlətin siyasəti tamamilə dəyişməlidir”.

Həmsöhbətimiz əlavə edib ki, Türkiyə bu məsələdə həmişə xoşməramlı yanaşma nümayiş etdirir:

“Mənə elə gəlir ki, yaxın gələcəkdə sərhədlər açıla bilər. Çünki bu, Türkiyənin də maraqlarına uyğundur, həmçinin Ermənistan 2025-ci ildə Azərbaycanla da sərhədlərini aça bilər. Amma məsələ ondadır ki, sülh sazişi imzalanandan sonra Azərbaycan tərəfi konstitusiyaya dəyişiklik təklifi irəli sürəcək. Ona görə ki Ermənistan Qarabağı öz ərazisi kimi konstitusiyada qəbul edib və bu mövqe indiki hakimiyyətin siyasətinə uyğundur. Lakin konstitusiya dəyişiklikləri referendumla baş verməlidir. Erməni xalqı buna hazırdırmı, bu, başqa bir məsələdir. Fikrimcə, saziş imzalandıqdan sonra tədricən bu məsələlər də həll oluna bilər. Çünki ünsiyyət qurulandan sonra düşmənçilik tədricən azalacaq ki, bu da Ermənistan rəhbərliyinin konstitusiyada dəyişikliklərə getmə ehtimalını yüksəldir”.

Rafi Müslümov