!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə futbolu: İstanbul nəhəngləri və onlara diş göstərən Anadolu klubları

!Reklam – Yazi

Azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi Türkiyə Super Liqasında 2018/2019 mövsümünə start verilsə də, çempionluğa iddialı olanların çıxışı heç də ürəkaçan deyil.

Bu mənada yalnız “Qalatasaray” seçilir. Fatih Terimin yetirmələri başa çatan 4 turdan sonra 9 xalla ikinci pillədə qərarlaşmaqla mövsümün əvvəlindən çempionluq iddiasını ortaya qoyub. Lakin “sarı-qırmızılar”ın “Trabzonspor” qarşısında aldığı 0:4 hesablı məğlubiyyət komandanın ciddi sınaqlara tam hazır olmadığını göstərir.

“Fənərbaxça” isə rəhbərlikdə baş verən dəyişikliklərdən sonra özünə gələ bilmir. “Bülbüllər”in 4 turdan sonra yalnız bir qələbə qazanması və 3 xalla 13-cü pillədə qərarlaşması klub azarkeşlərini narahat etməyə bilməz. İndidən baş məşqçi Filip Kokunun kreslosunun laxladığını desək, yanılmarıq. Onun klubdakı gələcək taleyinin necə olacağını isə qarşıdakı oyunlar göstərəcək.

Yeni mövsümdə 7 xal toplayan və bununla da 7-ci pillədə qərarlaşan “Beşiktaş” da hələ öz oyununu tapa bilməyib. Mövsümün əvvəli olduğu üçün indidən proqnoz vermək çox çətindir. Aydın məsələdir ki, ciddi rəqabətin olduğu çempionatlarda mübarizə daha çox ikinci dövrədə qızışır. Bu məsələdə qış transfer dönəmində heyətə cəlb edilən futbolçuların da böyük payı olacaq.

Yenicag.az-a açıqlama verən türkiyəli mütəxəssis Sebahettin Tekin də bu fikirdədir. Onun sözlərinə görə, mövsümün əvvəlində uğursuz nəticələr qeydə alınsa da, növbəti oyunlarda xal itkilərini kompensasiya etmək mümkün olur:

“Mövsüm yeni başlayıb. Oyunları izləyərkən hesaba aldanmaq olmaz. Təbii ki,”Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”, “Trabzonspor”, “Başakşəhər”, “Bursaspor” çempionatın ən bahalı komandalarıdır. Onların heyətləri də göz önündədir. Türkiyə futbolunda ən böyük problem komandaların start heyətlərində yer alan yerli futbolçuların azlığıdır. Məsələn, “Trabzonspor” – “Qalatasaray” matçında meydanda olan futbolçuların yarıdan çoxu legionerlər idi. Bu da istər-istəməz milli komandaya təsir göstərir. Hər komandanın start heyətində cəmi 3-4 yerli futbolçu var. “Fənərbaxça”nın mövsümə yaxşı başlamamasına gəlincə, əslində, komandanın heyəti çempionluq üçün yetərlidir. Düşünürəm ki, komanda çox şey itirməyib. Mövsümün əvvəllərində belə qəzalar olur. Sadəcə, bir az zamana ehtiyac var. 8-10 turdan sonra çempionatın gedişatı bəlli olacaq. Futbolda dəqiq heç nə yoxdur. Məsələn, “Antalyaspor” da uğurlu çıxış edir. Üzləşdiyi problemlərə rəğmən, komandanın qazandığı 7 xal böyük nəticədir. Bu kimi komandalar da çempionata əlavə rəng qatır”.

Saytımıza danışan FİFA referisi, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu da həmyerlisi ilə eyni fikirdədir. Onun sözlərinə görə, Anadolu komandaları uğurlu çıxışlarını davam etdirsələr, İstanbul nəhənglərinə baş ağrısı olacaqlar:

“Mövsüm yeni başlayıb. Transfer pəncərəsi də yeni bağlanıb. UEFA-nın Maliyyə fair-pley məsələsi klubları çətin vəziyyətə saldı. Komandalar futbolçuları göndərmədən heyətinə yeni oyunçu qata bilmirlər. İndi vəziyyət əvvəlki kimi deyil. Klublar xərclədiyi qəpiyin belə hesabatını vermək məcburiyyətindədirlər. Məlum məsələdir ki, Anadolu klubları bahalı transferlər edə bilmirlər. Belə durumda onları İstanbul nəhəngləri ilə müqayisə etməyimiz doğru deyil. “Qalatasaray” 3-cü turda “Alanyaspor”a 6 cavabsız qol vurdu, ötən turda isə “Trabzonspor” qarşısında 0:4 hesabıyla məğlub oldu. “Fənərbaxça”nın 4 turdan sonra cəmi bir qələbəsi var. “Beşiktaş” 2 qələbə qazanıb, bir heç-heçə edib. 4 oyunda maksimum nəticə göstərən “Kasımpaşa” sürprizi davam edir. Pulsuz aldıqları Doqne adlı futbolçu öz oyunu ilə liqaya damğasını vurub. Görünən odur ki, Anadolu komandaları uğurlu çıxışını davam etdirsələr, İstanbul nəhənglərinin işi çətin olacaq. “Qalatasaray” ötən mövsüm 75 xalla çempion olmuşdu. Amma bu mövsüm çempion olacaq komandanın bir o qədər xal qazanacağını düşünmürəm. İndidən kimin çempion olacağını demək üçün çox tezdir. Derbilərdə uğurlu nəticə qazanan komanda bununla bağlı bizə siqnal verəcək. Nəzərə alaq ki, qarşıda hələ qış transfer dönəmi var. Gücü, fürsəti olan komanda 1-2 transferlə çox şeyi dəyişə bilər. “Çempionluğa kim yaxındır” sualına cavab mövsümün ikinci yarısının ortalarında tapılacaq. “Trabzonspor”un yaxşı heyət qurması və oynadığı gözəl oyunla “Mən də varam” deməsi çempionatdakı rəqabəti daha da artıracaq”.

Emin Səfərov

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv