“Türkiyə hərbi məktəblərini bitirmiş ilk məzunlarımızı “5-ci kolon” Ordudan didərgin saldı” – Keçmiş nazir
“Bu gün xaricdə universiteti bitirib Azərbaycana dönmək istəməyənlərin aşağı maaş və iş tapmaq çətinliyini nəzərə aldıqları faktdır”.
Bu fikirləri müxtəlif xarici ölkələrdə təhsil alan gənclərimizin bir çoxunun ölkəyə qayıtmaq istəməməsinin səbəblərinə toxunan sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, təhsil aldıqları ölkələrdə qalmağa üstünlük verən gənclərin bu qərarının səbəblərini ümumiləşdirmək doğru deyil:
“Deputat Vahid Əhmədovun Milli Məclisdə bu barədə səsləndirdiyi fikirlə razılaşmaq olar. Yəni onun dediyi səbəblərin gənclərin ölkəyə qayıtmaq istəməmələrinə təsir göstərdiyi doğrudur. Amma bu səbəbi gənclərin hamısına şamil etmək, vəziyyəti ümumiləşdirmək yanlış olardı.
Məsələn, mən nazir olanda yüz altmış beş gəncimizi səs-küy salmadan Türkiyənin ali hərbi məktəblərinə oxumağa göndərdik. Onlar müxtəlif hərbi rütbələrdə geri qayıdaraq Azərbaycan Ordusunda xidmətə başladılar. Lakin “5-ci kolon” həmin məzunlarımızı Ordudan didərgin saldı.
Eyni zamanda mənim dövrümdə iki mindən çox gənc Türkiyəyə, o cümlədən başqa xarici ölkələrə təhsil almağa göndərildi. Onlardan geri qayıdanlar da, oxuduqları ölkələrdə qalanlar da oldu. Qayıdıb ixtisasları üzrə işləyənlərlə yanaşı, fərqli sahələrə üz tutanlar da oldu. Onların içindən FETÖ ilə bağlılığı olanların çoxuna karyera şəraiti yaradıldı və həmin kadrlar yükəsk vəzifələrə irəli çəkildilər.
Dediyim kimi, bu gün xaricdə universiteti bitirib Azərbaycana dönmək istəməyənlərin aşağı maaş və iş tapmaq çətinliyini nəzərə aldıqları faktdır. Amma bunun başqa səbəbləri də yox deyil. Bütün hallarda vəziyyətin araşdırılmasına, yüksək ixtisaslı məzunların ölkəyə qayıtmalarına şərait yaratmaq lazımdır”.
A.Zeynalov