Türkiyə İdlibdə niyə olmalıdır(mı)? – TƏHLİL

Türkiyə ilə Rusiya növbəti dəfə masaya oturdular. Bu dəfə də mövzu Suriyadan başqası deyildi. Çünki Suriyada fevralın son həftəsindən etibarən, Əsəd rejimi qüvvələrinin hərbi fəallığı artırması səbəbindən vəziyyətin yenidən son həddə qədər kəskinləşməsi, xüsusilə, bu “teatr”ın əsas aktyorları sayılan Türkiyə ilə Rusiya arasında gərginliyin qabarması bir sıra mühüm sualları növbəti dəfə aktuallaşdırıb. 

Adıçəkilən ərəb dövlətində proseslərin inkişaf ssenarisini birlikdə yazan Türkiyə ilə Rusiyanın onsuz da dayanıqlı hesab olunmayan münasibətlərində  yarana biləcək çatlar regionun mövcud mənzərəsinə əhəmiyyətli təsir göstərəcək. 

Bununla belə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında martın 5-də Moskvada baş tutan danışıqlar tərəflərin Suriyadakı əməkdaşlığının zəifləmiş bağlarının qopmasına imkan vermədi. 

Türkiyə, Rusiya, o cümlədən, Qərbin analitik mərkəzlərində Ərdoğan-Putin anlaşması fərqli aspektlərdən təhlil olunsa da, burada vurğulanmalı əsas məqam iki prezidentin münasibətlərin qırılmasını sürətləndirəcək gedişatı dayandırmaqla bağlı anlaşa bilmələridir. Tərəflərin bu anlaşmaya nə dərəcədə sadiq olacaqları isə artıq başqa söhbətin mövzusudur. 

Lakin bu arada Türkiyənin özündə əvvəllər də dəyişən tezliklə ortaya gətirilən bəzi sualların indi daha intensiv şəkildə səsləndirilməsi müşahidə olunmaqdadır. Söhbət nədən gedir? Bildiyiniz kimi, Türkiyənin Suriya böhranın nizamlanmasında yer alması, hətta bu ölkəyə hərbi kontingent yerləşdirməsi ilk başdan müəyyən əks yanaşmaların ortaya gətirilməsinə, əks müzakirələrin açılması ilə müşayiət olunurdu. 

Türkiyənin bir sıra dairələri AKP iqtidarının ölkəni Suriya “bataqlığına” saldığını iddia edərək, Ankaranın bu siyasətini davamlı şəkildə tənqid edirdilər. Ötən həftə Əsəd rejimi qüvvələrinin İdlib bölgəsində həyata keçirdiyi aviabasqın nəticəsində Türkiyənin 33 əsgərinin şəhid olmasından sonra bu mövzunun müzakirə dairəsi xeyli genişlənib. Ölkənin müxalif çevrələri hökumətdən Türkiyənin Suriya “teatr”ından çıxmasını, əsgər itkilərinə səbəb olan “hərbi müdaxilə”yə son qoyması tələbini irəli sürürlər. 

Bu yerdə Türkiyənin Suriya böhranının aradan qaldırılmasını nəzərdə tutam nizamlama prosesinə qoşulmasını və o ölkəyə hərbi kontingent yeritməsini şərtləndirən amillər mütləq xatırlanmalıdır. 

Suriyada başlayan vətəndaş müharibəsi arealının Türkiyənin cənub sərhədlərinə qədər uzanması, humanitar fəlakətlə üzləşən milyonlarla qaçqının ölkəyə daxil olması, terror təhlükəsinin artması, milli təhlükəsziliyə yönəlik müxtəlif təhdidlər Türkiyəni belə bir addım atmağa sövq etdi. Digər tərəfdən, burada əlbəttə ki, bölgənin tam 4 əsr boyunca Türkiyənin sələfi olan Osmanlı İmperiyasının hüdudları daxilində, yəni, Misaqi-Milli hesab olunan ərazidə idarə olunması da nəzərə alınmalıdır. 

Türkiyə Suriyaya hərbi kontingent yeritdikdən sonra iki uğurlu əməliyyat – “Fırat qalxanı” və “Barış pınarı” əməliyyatlarını həyata keçirib. Hər iki əməliyyat nəticəsində Suriyanın şimal bölgələrində geniş ərazilər terrorçulardan azad edilib, dinc əhalinin öz evlərinə qaytarılmasına şərait yaradılıb. Bu səbəbdəndir ki, bölgə xalqı Türkiyəni həm terrorçulardan, həm də Əsəd zülmündən qurtarıcı kimi görürlər. 

Son həftələrdə Əsəd rejiminin İdlibdə nümayiş etdirdiyi hərbi aktivlik isə əldə olunmuş bu nəticələrin qısa müddətdən ortadan qaldırılması riskini yaradıb. Konkret ifadə olunsa, Əsəd qüvvələrinin İdlib ətrafında əməliyyatlara başlamasından sonra yerli əhali yenə də Türkiyə sərhədinə doğru axın etməkdədir. Bu, nəyin göstəricisidir? Açıq görünür ki, İdlibdəki dinc əhalinin Əsəd rejiminə heç bir etimadı yoxdur, onu böyük təhlükə kimi görür və xilas yolunu Türkiyəyə sığınmaqda görür. 

Türkiyə isə təbii ki, gerçəkləşdirdiyi iki uğurlu əməliyyatdan sonra yaranmış düzənin tar-mar olmasında, sərhədləri yaxınlığında terror təhlükəsinin bir daha artmasında qətiyyən maraqlı deyil. Təsəvvür edin ki, Türkiyə bu proseslərdə tam hərəkətsiz qalıb, o halda nə baş verərdi? İlk növbədə, Suriyadan milyonlarla qaçqını qəbul etmək və onları yerləşdirmək məcburiyyəti yaranacaqdı. Onsuz da Suriyadan gəlmiş 3,5 milyon qaçqının həyat şəraitini 9 ildən bəri təmin edən Türkiyə qaçqınların yeni dalğasını qarşılamağa hazırdırmı? Başqa sözlə, bu nəticəni gözləməli, yoxsa gedişatı dəyişmək üçün qəti addımlar atmalıdır? Bəlkə Suriya “teatr”ını tərk edərək, sərhədlərində terror təhdidinin güclənməsinə göz yummalıdır? 

Bəli, Suriyadakı mövcudluğu Türkiyəyə asan başa gəlmir. Amma indiki şərtlər daxilində Türkiyənin həmin “teatr”ı tərk etməsi heç bir halda doğru və mümkün deyil. Belə bir addım Türkiyənin öz milli maraqlarını taleyin ümidinə buraxmasından başqa bir şey olmayacaq. ABŞ okeanın o tərəfindən bölgəyə gəlir, Rusiya nə quru, nə də su sərhədi olmadığı halda Suriyadadırsa, illərdən bəri ölkəsinə qarşı təhdid olan Suriyada olmaq Türkiyənin təməl haqqı deyilmi? Eyni sual nə üçün ABŞ, Avropa Birliyi ölkələri və ya Rusiya ilə İrana verilmir, ancaq mövzu Türkiyə olarsa, bu sual “aktuallıq” qazanır?! Bunun özü də Türkiyəyə qarşı ikilistandartdan, ikiüzlülükdən xəbər verir. 

Ona görə də, Türkiyənin Suriyadakı mövcudluğunu tənqid edənlərin məsələlərə daha geniş planda və təmkinlə yanaşmaları, bu “tamaşa”nın yekununu gözləmələri lazımdır.  

“Yeni Çağ” Analitik Qrupu