“Türkiyə ilə bəzi ərəb dövlətləri arasında yaranan gərginlik süni xarakter daşıyırdı” – ŞƏRH

“Tədricən intensivləşən belə təmaslar qarşılıqlı münasibətlərin əvvəlki səviyyəyə qaytarılmasına təkan verəcək”.

Bu fikirləri Türkiyə ilə müəyyən ərəb ölkələri, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşdırılmasına yönəlik cəhdləri və onların mümkün nəticələrini şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu təmasların müsbət nəticələnəcəyinə dair gözləntilər daha çoxdur:

“Əslində, Türkiyə ilə bir sıra ərəb ölkələri arasında son illərdə müşahidə olunan fikir ayrılıqları və gərginlik süni xarakter daşıyırdı. Yəni münasibətlərin korlanması üçün əsaslı zəmin yox idi. Bu gərginlik daha çox ABŞ başda olmaqla Qərb ölkələrinin bəzi ərəb dövlətlərini təhrik etmələrindən qaynaqlanırdı.

O baxımdan, hazırda Türkiyə ilə nəzərdə tutulan ərəb ölkələri arasında təmasların bərpası və münasibətlərin normallaşdırılmasına yönəlik addımlar müsbət qiymətləndirilməlidir.

Fikrimcə, tədricən intensivləşən belə təmaslar qarşılıqlı münasibətlərin əvvəlki səviyyəyə qaytarılmasına və ikitərəfli əlaqələrin daha sağlam əsaslarla qurulmasına təkan verəcək. Çünki bütün tərəflər bunun vacibliyini qəbul edir.

Türkiyə İslam Konfransı Təşkilatının üzvü və regionun ən mühüm ölkələrindən biri olaraq, bölgədəki mövcud problemlərin həlli üçün böyük təsir imkanlarına malikdir. Ona görə də, bu təmasların müsbət nəticələnəcəyinə dair gözləntilər daha çoxdur”.

A.Zeynalov