Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.
“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.