“Türkiyə ilə əməkdaşlıq Azərbaycan və Gürcüstan üçün təhlükəsizlik təminatıdır” – Fevzi Çələbi

“Gürcüstan və Azərbaycanın indiki durumdan çıxmalarının tək yolu milli siyasətdir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Qafqaz üzrə türkiyəli mütəxəssis, Gürcüstanşünas professor Fevzi Çələbi deyib.

– Rusiyanın təbliğat maşını Cənubi Qafqazda “qorxu toxumları” səpməkdədir. Moskva Abxaziya, Osetiya, Qarabağ kimi münaqişələri yaratmaqla, bölgə üzərində nəzarəti saxlamağa çalışır. Rusiya-Türkiyə münasibətlərinin mövcud prizmasından baxdıqda, Ankara Moskvanın bu siyasətinə necə yanaşır? Türkiyənin hansı maraqları Rusiyanın imperialist siyasəti ilə toqquşur?

– Əvvəlcə onu deyim ki, indi söyləyəcəklərim mənsub olduğum dövlətin rəsmi yanaşması yox, mənim şəxsi fikirlərimdir. Qeyd edə bilərəm ki, Abxaziya, Osetiya və Qarabağ münaqişələri Rusiya ilə Ermənistanın Cənubi Qafqazda mövcudluqlarını davam etdirmək niyyətlərindən qaynaqlanıb.

Rusiya regiondakı separatçıların haqlarını müdafiə etməyi öz üzərinə götürüb. Əslində, yaratdığı bu durum Rusiyanın Krımı asanlıqla işğal etməsinə də şərait yaratdı. Çünki dünya bu işğala gözlənilən səviyyədə etiraz bildirmədi. Ancaq Krım da Rusiyanın son məqsədi deyil. Onlar gerçək məqsədlərini gizlətmirlər.

Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bunu çəkinmədən bəyan edib. Türkiyə üçün Qarabağ Azərbaycanın, Abxaziya və Cənubi Osetiya isə Gürcüstanın tərkib hissəsidir. Bu, hər zaman belə olacaq. Cənubi Qafqazda güclü Azərbaycan və Gürcüstanın mövcudluğu Türkiyənin maraqlarına tam uyğundur. Cənubi Qafqaz “dəniz”ində Rusiya “təyyarədaşıyan”ının Ermənistan olduğunu söyləmək yəqin ki, artıqdır. Abxaziya, Cənubi Osetiya və Qarabağ kimi “yedək gəmilər” də o sularda “üzməkdədirlər”. Tiflis yaxınlığında qurulan onlarla hərbi bazanın yalnız Gürcüstanı təhdid etdiyini düşünmək sadəlövhlük olardı.

– Qarabağ münaqişəsi keçmiş SSRİ-dən miras qalan ən ağrılı problemdir. Görünən budur ki, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil və indiki status-kvo ən çox onun işinə yarayır. Türkiyənin Cənubi Qafqazla bağlı köhnə və yeni strategiyası varmı? Əgər varsa, Ankara onun tətbiqindən niyə ehtiyatlanır?

– Türkiyə dövləti yaradılandan bu yana onun xarici siyasətində əsas strateji xətt sülhün və sabitliyin təmin olunmasıdır. Ancaq dünyada və Türkiyəyə yaxın coğrafiyada baş verən siyasi dəyişikliklər Ankaranı xarici siyasətdə istər-istəməz yeni xətt götürməyə vadar edib. Bunu “Türkiyə mərkəzli yeni xarici siyasət” də adlandırmaq mümkündür. Türkiyə artıq yerləşdiyi coğrafiyada söz sahibi olan ölkə vəziyyətinə gəlib. Rusiyanın Qarabağ münaqişəsini nizamlamaq istəməməsi, hətta həllini arzulamamasına çalışması diqqətdən yayınmır. Əlbəttə ki, Türkiyə bu vəziyyəti dəqiq görən bir dövlətdir. Lakin indiki şəraitdə hansısa diplomatik və ya iqtisadi müdaxilənin Türkiyə ilə Azərbaycanın əleyhinə çevrilməsi istisna edilmir. Eyni zamanda, Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-a etimadının sarsıldığını da inkar etməyə dəyməz.

– Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya hərbi təcavüzündən sonra dünyada özbaşınalığın hökm sürdüyü, beynəlxalq qanunların kağız parçasından başqa bir şey olmadığı və gücün ədaləti üstələdiyi qənaəti möhkəmlənməkdədir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da istənilən nəticəni vermir, dünya quldurların məskəninə çevrilmiş meşəni xatırladır. Rusiyanın bu təcavüzkar siyasətini necə dayandırmaq olar?

– Hərbi təcavüz beynəlxalq cinayətdir və təcavüzkar dövlət buna görə məsuliyyət daşıyır. Təcavüz nəticəsində əldə olunanlar legitim sayıla bilməz. Gürcüstan öz tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyada separatizmə qarşı əməliyyata başlamışdı və bu, suveren Gürcüstanın Rusiyanın hərbi təcavüzünə məruz qalması ilə nəticələnib. Bu gün Gürcüstan ərazilərinin iyirmi faizi Rusiyanın faktik işğalı altındadır. Burada xüsusi məqamlardan biri də budur ki, Rusiya öz nəzarətindəki Gürcüstan ərazilərindəki “sərhədi” hər il 1-2 kilometr önə çəkir və bununla Tiflis magistral yoluna çıxmağa hazırlaşır. Rusların Gürcüstanda “möhtəşəm” keçmişlərini, yoxsa nəyi axtardıqları bilinmir. Gürcüstan və Azərbaycanın indiki durumdan çıxmalarının tək yolu milli siyasətdir. Bu iki ölkənin Türkiyə ilə birlikdə hərəkət etməsi zəruridir.

– Çoxları Rusiya-Türkiyə münasibətlərinin perspektivinə inanmır. Bu münasibətlər nə qədər davam edə bilər? Rusiya ilə yaxınlaşıb ABŞ-la münasibətləri kəskinləşdirməyin Türkiyə üçün hansısa fəsadlarının olması mümkündürmü? Türkiyə ABŞ-dan uzaqlaşmaqla nə qazanır, nə itirir?

– Məncə, Rusiya ilə dostluq məsələsi qiyamətə qədər utopiya olaraq, qalacaq. Gürcülər rus işğalı səbəbindən XIX əsrdə dövlətçiliyini itirib, türklərsə Osmanlı-Rusiya müharibələrində ərazi itkilərinə məruz qalıblar. Tarixdə ibrət götürmədən gələcəyi müəyyənləşdirmək olmaz. Türkiyə üzünü Avropa İttifaqına çevirib. NATO-da təmsil olunduğu müddət ərzində Türkiyənin ABŞ-la, ya ABŞ-ın Türkiyə ilə münasibətləri kəsməsi imkan xaricindədir. ABŞ Yaxın Şərq və Qafqaz siyasətini yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq.

– Gürcüstana qayıdaq. Bu ölkədə ermənilərə ciddi imtiyazlar verilməsi fonunda Borçalı türklərinə qarşı təzyiqlərin artması Azərbaycan ictimai rəyində kəskin reaksiya doğurub. Özü də separatizmə və ərazi itkilərinə, erməni terroruna məruz qalan Gürcüstanın belə bir siyasət yürütməsi nədən qaynaqlanır?

– Türkiyədə ermənilərə imtiyaz verildiyini və azərbaycanlılara təzyiq olduğunu düşünmürəm. Bununla bağlı məlumat da yoxdur. Problem Gürcüstanın bayaq da vurğuladığım milli siyasət yürütməməsindədir.

Məsələn, bir müddət əvvəl Cavaxetiyada Qarabağda azərbaycanlılara qarşı döyüşən erməni terrorçusuna büst qoyuldu. Həmin terrorçu Abxaziyada Gürcüstana qarşı da döyüşüb. Onun büstünün qoyulmasına necə icazə verildiyi məlum deyil. Tiflisin 15-20 kilometrliyində yaşasa da, gürcü dilində bir söz də bilməyən azərbaycanlılar var. Gürcüstanda azərbaycanlılar ibtidai sinifdən tutmuş universiteti bitirənə qədər Azərbaycan dilində təhsil alırlar. Vətəndaşların bir-biriləri ilə ünsiyyət qura bilməmələrinin insan hüquqlarına aidiyyatı yoxdur axı… Gürcülər bir yana, azərbaycanlılara nə deyək? Yaxud da David Qareci (Keşikçidağ – red.)… Bu mövzuda da geniş danışmaq artıqdır.

Aralarında müsəlman türklərlə yanaşı, müsəlman gürcülər də olan axıskalıların sürgünü böyük faciədir. Onlara məxsus olan ərazilərdə artıq ermənilər yerləşdirilib. Rusiyanın nəzarəti altında olan Abxaziyada da ermənilər məskunlaşıblar. Abxaziyanı tərk etmiş 350 min gürcünün yerləri də ermənilərlə doldurulur. Türkiyə, Gürcüstan və Azərbaycan birgə hərəkət etmək imkanına və bunu həyata keçirəcək vətəndaşlara malikdirlər.

Qafqaz Ömərov